14:10 30-01-2012
news_image
863
STOLÜSTÜ OYUNLAR

Rəcəbov gümüş medala sevindi

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeysterlər - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) yarışın son turunu da heç-heçə ilə başa vurublar.

Halbuki, son matçında Levon Aronyanla (Ermənistan, 2805) qüvvəsini sınayan Rəcəbov qələbə qazansaydı, çempion olacaqdı. Lakin qara fiqurlarla oynayan həmyerlimiz riskə getməyərək, xalları yarı bölməyə razılaşıb. Bununla da o, yarışı gümüş mükafatla başa vurub. Düzdür, Rəcəbov Maqnus Karlsen (Norveç, 2835) və Fabiano Karuana (İtaliya, 2736) ilə eyni - 8 xal toplayıb. Amma əlavə göstəricilərə görə Teymurun turniri ikinci pillədə başa vurub.

Rəcəbovdan fərqli, Həşimov ilk “10-luğa” belə düşə bilməyib. Axırıncı turda Hikaru Nakamura (ABŞ, 2759) ilə “sülh” bağlayan Vüqar əlavə göstəricilərə görə 12-ci yeri tutub.

XIII tur
Levon Aronyan (Ermənistan, 2805) – Teymur Rəcəbov (2773) – 0,5:0,5
Lyuk Van Veli (Hollandiya, 2692) – Maqnus Karlsen (Norveç, 2835) – 0,5:0,5
Vasili İvançuk (Ukrayna, 2766) – Sergey Karyakin (Rusiya, 2769) – 0,5:0:5
Vüqar Həşimov (2761) - Hikaru Nakamura (ABŞ, 2759) – 0,5:0,5
Fabiano Karuana (İtaliya, 2736) – Boris Gelfand (İsrail, 2739) – 1:0
Qata Kamski (ABŞ, 2732) – Veselin Topalov (Bolqarıstan, 2770) – 1:0
Aniş Qiri (Hollandiya, 2714) – David Navara (Çexiya, 2712) – 0,5:0,5

Yekun cədvəl: Aronyan – 9 xal; Rəcəbov, Karlsen, Karuana – 8; Nakamura, İvançuk - 7,5; Kamski – 7; Karyakin – 6,5; Van Veli – 5,5; Gelfand, Topalov, Həşimov – 5; Qiri, Navara – 4,5.