15:09 30-01-2012
news_image

Bu dəfə lisenziya olmadı

Rusiyanın Kazan şəhərində taekvondo üzrə London Olimpiadasına son lisenziyaları verən Avropa Təsnifat Turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 2 taekvondoçu ilə qatılan Azərbaycan milli komandası Olimpiya Oyunlarına qazandığı vəsiqələrin sayını artıra bilməyib.

Belə ki, Təvəkkül Bayramov (+80 kq) ilk döyüşündə İvan Trajkoviçlə (Sloveniya) qarşılaşıb. Lakin o, bu dueldən qalib ayrıla bilməyib və turniri vaxtından əvvəl dayandırıb.

Digər taekvondoçumuz Günay Ağakişiyeva (57 kq) isə lisenziya uğrunda mübarizəyə Sonya Makkonellə (İrlandiya) döyüşlə başlayıb. Təmsilçimiz irlandiyalı idmançını məğlub etsə də, növbəti mərhələdə Marlen Harnoisə (Fransa) uduzub.

Beləliklə, taekvondo yığmamız London-2012-yə 2 idmançı ilə yollanacaq. Bunlar Bakıda baş tutan Dünya Təsnifat Turnirində Olimpiadaya lisenziya qazanan Ramin Əzizov (80 kq) və Fəridə Əzizovadır (67 kq).