16:33 30-01-2012
news_image
1340
STOLÜSTÜ OYUNLAR

“Xanımının sayəsində həyatımda çox yaxşı hadisələr baş verdi”

“Yarış mənim xatirəmdə yaxşı təəssüratlarla qaldı. Ümumiyyətlə, mən Veyk-an-Zee turnirindən təklifi böyük məmnuniyyətlə qəbul edirəm. Çünki bu çox güclü, uzunmüddətli yarışdır”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Teymur Rəcəbov deyib.

Yenicə başa çatan Veyk-an-Zee turnirində gümüş mükafatla kifayətlənən həmyerlimiz yarışla bağlı təəssüratlarını açıqlayıb. O, Rusiya mətbuatına verdiyi açıqlamada bildirib ki, bu yarışda adətən aparıcı şahmat ölkələrinin bir nömrələrinə bel bağlanılır və güclü heyət toplaşır: “Buradakı partiyalarda çox güclü mübarizələr gedir. Veyk-an-Zeedə həmişə gözəl duellər alınır. Bu dəfə də fantastik oyunlar baş tutdu. Məsələn, 1 turda 7 oyunda cəmi 1 heç-heçə qeydə alındı. Belə səviyyəli yarışda 6 qələbənin qazanılması sadəcə fenomenal nəticədir. 2752-2755 – bu şahmatda böyük reytinqdir, aktivlərində bu qədər xal olanlar arasında gərgin mübarizə gedir. Belə hal onu göstərir ki, hamı yüksək yerlər uğrunda yarışırdı və oyuna maksimal nəticə göstərmək əzmi ilə çıxırdı. Burada elə şahmatçılar yox idi ki, sadəcə heç-heçə edərək, onunla kifayətlənmək istəyirdi”.

Rəcəbovun 60 yaşa qədər şahmat oynayacağını ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Xeyr, sədəcə 60 yaşımda mən variantlar barədə daha ətraflı danışa bilərəm. Bəlkə elə oldu ki, mən Korçnoy kimi hələ çox oynayıb, hamını qələbələrimlə bezdirəcəyəm”.

FİDE-nin son reytinq cədvəlində böyük sıçrayışa nail olan Teymurun sözlərinə görə, yenicə ailə həyatı qurması onun çıxışına birbaşa müsbət təsir göstərib: “Şübhəsiz ki, reytinq cədvəlindəki rekordumda həyat yoldaşımın da rolu var. O, məni güclü dəstəkləyir. Xanımının sayəsində həyatımda həddən artıq yaxşı hadisələr baş verdi və bunun da nəticəsində rəqiblərini məğlub etməyi daha da çox istəyirsən. Fikrimcə, bütün bu amillər mənə müsbət təsir göstərir. Xanımım Veyk-an-Zeedə bütün yarışboyu iştirak etdi və əlbəttə mən gələcəkdə də onu turnirlərə aparmağı planlaşdırıram. Hər halda, o mənə dedi ki, bu yarış onun çox xoşuna gəldi”.