19:14 03-02-2012
news_image

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, mərasimdə Azərbaycan cüdoçularının rəqibləri məlum olub.

Püşkatmaya əsasən, milli komandamızın ən yüngül çəkili idmançısı İlqar Müşkiyev (60 kq) ilk mərhələdən azaddır. O, ikinci mərhələdə Tomas Cado-Dyuk (Fransa) – Qonsalo Mansinyo (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Ağayar Axundzadənin yetirmələrindən 66 kq çəki dərəcəsində tatamiyə çıxacaq Tərlan Kərimov da mübarizəyə ikinci mərhələdən qoşulacaq. Həmyerlimiz Pyerre Duprat (Fransa) – Yasper De Yonq (Hollandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

73 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Rüstəm Orucov ilk görüşündə koreyalı Yunq Von Kimlə qarşılaşacaq. O da Müşkiyev və Kərimov kimi ilk mərhələni tamaşaçı kimi izləyəcək.

Təmsilçimiz Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) isə birbaşa üçüncü mərhələdən yarışa qoşulacaqlar. Onlardan birincisinin rəqibi olmaq üçün Samvel Ayrapetyan (Türkmənistan), Miçel Mbassa (Kamerun) və Yahyo İmamov (Özbəkistan), ikincisi ilə yarışmaq üçün Miroslav Dzurla (Slovakiya) Layes Buyakub (Əlcəzair) ən güclünü müəyyənləşdirəcəklər. Ən ağır dərəcəli cüdoçumuz Elmar Qasımov (100 kq) koreyalı Hi-Tae Hvanqla qüvvəsini sınayacaq.

Xanım cüdoçularımızdan Kifayət Qasımova (57 kq) ilk görüşündə sinqapurlu Hortans Didyu ilə münasibətlərinə aydınlıq gətirəcək. Ramilə Yusubovanın (63 kq) rəqibi isə Kot d İvuar təmsilçisi Rokiatou Koulibali olacaq.

Qeyd edək ki, London-2012-yə lisenziya xalları verəcək yarış sabah start götürəcək və 2 gün davam edəcək.