17:52 04-02-2012
news_image
3000
DÖYÜŞ NÖVLƏRİ

“Böyük Dəbilqə”yə uğursuz start - YENİLƏNİB

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalları verən yarışın ilk günü tatamiyə 5 cüdoçumuz çıxıb. Lakin onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib.

Kişilər
60 kq
İlk mərhələdən azad olan milli komandamızın ən yüngül çəkili idmançısı İlqar Müşkiyev ilk görüşündə Tomas Cado-Dyukla (Fransa) qarşılaşıb. Gərgin keçən döyüşün başa çatmasına 12 saniyə qalmış həmyerlimiz rəqibi üzərində təmiz qələbə qazanıb.

O, daha bir mərhələ adlamaq üçün avstriyalı Ludviq Paisçerlə döyüşüb və bu dəfə də ipponla qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.

Yarımfinala çıxmaq üçün İlqarın rəqibi gürcüstanlı Amiran Papinaşvili olub. Lakin həmyerlimiz növbəti mərhələyə yüksələ bilməyib və uduzaraq, 5-ci yeri tutub.

66 kq
Bu çəki dərəcəsində tatamiyə çıxan Tərlan Kərimov da mübarizəyə ikinci mərhələdən qoşulub. Lakin həmyerlimizin Pyerre Dupratla (Fransa) görüşü məğlubiyyətlə başa çatıb. Belə ki, döyüşün əsas və əlavə vaxtı heç-heçə başa çatdığından qalibi hakimlər müəyyənləşdirib. Ədalət təmsilçiləri isə qələbəni fransalı idmançıya veriblər.

73 kq
Rüstəm Orucov da Müşkiyev və Kərimov kimi ilk mərhələni tamaşaçı kimi izləyib. O, ilk görüşündə koreyalı Yunq Von Kimlə qarşılaşıb. Görüş həmyerlimiz üçün uğurlu alınıb və Rüstəm cəmi 26 saniyəyə rəqibinə ipponla qalib gəlib.

O, növbəti mərhələdə monqolustanlı Nyam-Oçir Sainjarqalla gücünü yoxlayıb. Təəssüf ki, Orucov bu dəfə məğlub olub və yarışı vaxtından əvvəl dayandırıb.

Qadınlar
57 kq
Yığmamızın lideri Kifayət Qasımova ilk görüşündə sinqapurlu Hortans Didyu ilə münasibətlərinə aydınlıq gətirib. Həmyerlimiz gözlənildiyi kimi, rəqibi üzərində asan qələbəyə sevinib. Qasımovaya Didyuya qalib gəlmək üçün cəmi 44 saniyə kifayət edib.

O, növbəti mərhələdə İrina Zabludina (Rusiya) ilə döyüşüb. Görüş təmsilçimiz üçün çətin keçib və 127 saniyədən sonra ipponla uduzub.

63 kq
Ramilə Yusubovanın ilk görüşündə rəqibi Kot d İvuar təmsilçisi Rokiatou Koulibali olub. Həmyerlimiz rəqibini tatamiyə çıxmağa peşman edib. O, Koulibalini 90 saniyəyə məğlub edərək, növbəti mərhələyə yüksəlib.

Bu dəfə Yusubova yaponiyalı Kana Abeni sınağa çəkib. Döyüş rəqibin qələbəsi ilə yekunlaşıb və Ramilə də yarışı vaxtından əvvələ dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, yığmamızın 3 cüdoçusu mübarizəyə sabah qoşulacaq. 150 min ABŞ dolları mükafat fondu olan yarışın qalibi 300 lisenziya xalına yiyələnəcək.