12:04 07-02-2012
news_image
1081
STOLÜSTÜ OYUNLAR

Həmyerlimiz Ayrapetyana qarşı

Rusiyanın paytaxtı Moskvada keçiriləcək şahmat üzrə “Aeroflot Open” beynəlxalq turnirinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə azərbaycanlı zəka sahiblərinin ilk turda qarşılaşacağı rəqiblər məlum olub.

Püşkün nəticəsinə əsasən Qədir Hüseynov (2634) qara fiqurlarla hindistanlı Dronavalli Harika (2516) ilə qarşılaşacaq. Rauf Məmmədov (2636) da komanda yoldaşı kimi qara fiqurlarla oynayacaq. Onun rəqibi Mustafa Yılmaz (Türkiyə, 2521) olacaq. Eltac Səfərli (2638) isə ağ fiqurlarla rusiyalı Vladimir Fedoseyevlə (2525) üz-üzə gələcək.

Digər həmyerlimiz Namiq Quliyevin (2545) də əvvəlcə A turnirində qüvvəsini sınayacağı bildirilsə də, püşkatmadan sonra B turnirinin iştirakçıları arasında yer alıb. Təmsilçimizin ilk turda rəqibi isə ermənistanlı Hovik Ayrapetyan (2406) olacaq.

Qeyd edək ki, bu gün başlayacaq yarışa fevralın 15-də yekun vurulacaq. Bir gün sonra isə zəka sahibləri blits oynayacaqlar.