10:36 08-02-2012
news_image
1283
DİGƏR NÖVLƏR

Londona gedən yolda son dayanacaqlar: Poznan və Lütsern

Bu il kayak və kanoeçilərimiz, eləcə də akademik avarçəkənlərimiz 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün daha bir yarışda çıxış edəcəklər. Apasport.az saytının xəbərinə görə, əvvəlcə kayak və kanoeçilərimiz mübarizəyə qatılacaqlar.

Onlar 16 – 17 mayda Polşanın Poznan şəhərində təşkil olunacaq Avropa Olimpiya Təsnifatında (European Olympic Qualifier) qüvvələrini sınayacaqlar. 20 – 23 mayda isə akademik avarçəkənlərimiz İsveçrənin Lütsern şəhərində təşkil olunacaq Son Olimpiya Təsnifat Reqatasında (Final Olympic Qualification Regatta) yarışacaqlar.

Ümumiyyətlə, London olimpiadasında akademik avarçəkmə növündə 14 dəst medal sahibini tapacaq. Onlardan 8-i kişilərə, 6-sı isə qadınlara veriləcək. İlk lisenziya yarışı 2011-ci il avqustun 28-dən sentyabrın 4-dək Sloveniyanın Bled şəhərində keçirilmiş dünya çempionatı olub. Həmin çempionatda Azərbaycan avarçəkənlərindən Aleksandr Aleksandrov kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla yürüşlərdə (M1X və W1X) olimpiadaya lisenziyaya sahib çıxıb. Bu isə o deməkdir ki, son təsnifat reqatasında ölkəmiz daha 12 qayıq tipində lisenziya uğrunda mübarizə apara bilər.

Akademik avarçəkənlərimizdən kişilər 2 nəfərlik təkavarlı sükansız (M2-), 2 nəfərlik qoşa (M2X), 2 nəfərlik yüngül çəkili qoşa (LM2X), 4 nəfərlik təkavarlı sükansız (M4-), 4 nəfərlik qoşa avarlı sükansız (M4X), 4 nəfərlik yüngül çəkili qoşa avarlı sükansız (LM4X) və 8 nəfərlik qoşa avarlı (M8X), qadınlar isə 2 nəfərlik təkavarlı sükansız (W2-), 2 nəfərlik qoşa avarlı (W2X), 2 nəfərlik yüngül çəkili qoşa avarlı (LW2X), 4 nəfərlik qoşa avarlı sükansız (W4X) və 8 nəfərlik qoşa avarlı (W8X) qayıqlarda çıxış etmək imkanına malikdirlər. Onların hamısı 2000 metr məsafəyə yürüş edəcəklər. Olimpiadaya lisenziya əldə etmək üçün kişilərdən 2 nəfərlik və 4 nəfərlik qayıqlarla çıxış edənlər ilk 2 yerdən birini tutmalı, 8X tipli qayıq qalib olmalıdır.

Qadınlara gəldikdə, W4X tipli qayıq qalib olmalı, qalanları ilk 2 yerdən birini tutmalıdırlar.

Kayak və kanoedə isə 12 dəst olimpiya medalı uğrunda mübarizə gedəcək. Bunlardan 9-u kayakçıların (5-i kişi, 4-ü qadın) payına düşür. Kişi kayakçılar 1 nəfərlik (K-1) və 2 nəfərlik qayıqla (K-2) 200 metr və 1000 metr məsafələrə, 4 nəfərlik qayıqla (K-4) isə 1000 metr məsafəyə yürüş edəcəklər. Qadın kayakçılar 1 nəfərlik qayıqla (K-1) 500 metr, 2 nəfərlik qayıqla (K-2) 200 metr və 500 metr, 4 nəfərlik qayıqla (K-4) 500 metr məsafəyə yürüşlərdə qüvvələrini sınayacaqlar.

Kanoeçilərin mübarizəsində yalnız kişilər 3 dəst medal uğrunda yarışacaqlar. Onlar 200 metr məsafəyə 1 nəfərlik (C-1), 1000 metr məsafəyə isə 1 nəfərlik (C-1) və 2 nəfərlik qayıqla (C-2) yürüş edəcəklər. Kayak və kanoe üzrə ilk lisenziya yarışı ötən il 18 – 21 avqustda Macarıstanın Seqed şəhərində keçirilmiş dünya çempionatı olub. Həmin çempionatda yalnız kanoeçilərimiz lisenziyaya sahib olublar. Valentin Demyanenko C-1 tipli qayıqla 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti C-2 tipli qayıqla 1000 metr məsafəyə yürüşdə olimpiya vəsiqəsi əldə edib.

Bu isə o deməkdir ki, qarşıdakı təsnifat turnirində kayakçılarımız 9 tipli qayığın hamısında, kanoeçimiz yalnız C-1 tipli qayıqla 1000 metr məsafəyə yürüşlərə qatıla bilər. Bu zaman K-4 tipli qayıqlar istisna olmaqla, qalan yürüşlərdə ilk 2 pillədən birini tutmaq lazımdır.

Beləliklə, 2012-ci il London Yay Olimpiya Oyunlarında akademik, kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarında üst-üstə 26 dəst medal sahibini tapacaq. Hələlik Azərbaycan avarçəkənləri olimpiadaya 4 lisenziya qazanmaqla, elə 4 dəst medala iddiasını ortaya qoyub. Ölkəmizin qalan 22 lisenziyadan neçəsi uğrunda mübarizə aparmaq istəyinə isə yaxın vaxtlarda aydınlıq gələcək.