18:42 09-02-2012
news_image
1208
DİGƏR NÖVLƏR

“Çalışırıq ki, ölkəmizdə hər ay, hər həftə idman hadisəsi olsun”

Bu gün Gənclər və İdman Nazirliyində bədii gimnastika üzrə 2014-cü il Avropa çempionatının Bakıya etibar edilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Rudolf Heidiger, qurumun direktoru xanım Kirs Erofejef Engman və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Rəhimov bildirib ki, son danışıqlara əsasən 2014-cü ildə Bakı 3-cü dəfə Avropa çempionatına ev sahibliyi edəcək: “Bu Avropa Gimnastika İttifaqının Azərbaycan və Gimnastika Federasiyasına verdiyi yüksək qiymətdir. Qitənin ən möhtəşəm yarışı “Koroğlu” metrosu yaxınlığında inşa ediləcək Gimnastika Olimpiya Kompleksində keçiriləcək. Artıq biz tikintini aparan şirkətlə danışmışıq və onlar Avropa çempionatına kimi hər şeyin hazır olacağını deyiblər. Yarış həm də, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya verməsi ilə fərqlənəcək”.

Nazirin sözlərinə görə, 2011-ci ilin Azərbaycanda “İdman ili” elan olunması ilə bağlı çalışırlar ki, yarışlar bir-birini əvəzləsin: “Bildiyiniz kimi, bu il “İdman ili”dir. Sabah Bakıda karate üzrə gənclər və yeniyetmələr arasında Avropa çempionatı start götürür. Əsas məqsədimiz Bakıda möhtəşəm yarışların keçirilməsidir. Şahmat üzrə iddiaçıların turnirinin paytaxtımızda keçirilməsi ilə bağlı namizədliyimizi vermişik. Hazırda bu istiqamətdə müzakirələr gedir. Fevralın 15-də Bakı-2020-nin sifariş ərizəsini təhvil verməliyik. Bir sözlə, çalışırıq ki, Azərbaycanda hər ay, bəlkə də hər həftə idman hadisəsi olsun”.

Rəhimov Gimnastika İdman Kompleksində digər yarışların da keçirilə biləcəyini deyib: “Bu mərkəz şəhərin girişində inşa edilir. Tikintidən öncə kompleksin daha möhtəşəm olması üçün Avropa və dünya gimnastika federasiyaları ilə müzakirələrimiz olub. Yüksək səviyyədə olacaq. Əvvəlcə burada 6 min tamaşaçı tutumu nəzərdə tutulsa da, sonradan 12 minə kimi artırıldı. Əsas məqsədimiz bunun həm də Olimpiya Oyunları üçün cavab verməsidir”.

Qayıbov isə tikintinin İngiltərə şirkəti tərəfindən apardığını deyib. Onun sözlərinə görə, kompleksdə 2 zal olacaq: “Burada əsas zalla yanaşı, əlavə zal da olacaq. Bu isə gimnastikadan əlavə idman növləri üçün də nəzərdə tutulub”.

Daha sonra Heidiger Avropa çempionatının Azərbaycana etibar edilməsindən məmnun olduqlarını bildirib. Onun sözlərinə görə, ölkəmiz həmişə belə möhtəşəm yarışlara uğurla ev sahibliyi edib: “Bizə yenidən burada olmaq xoşdur. Avropa Gimnastika Federasiyasının prezidenti də buraya gələcəkdi, lakin Fransada bəzi problemlərə görə səfər təxirə salındı. Biz İcraiyyə Komitəsinin son iclasında Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı qərar verdik. Bunun da 3 əsas səbəbi var. Birincisi 2005, 2007 və 2009-cu illərdə Bakı dünya və Avropa çempionatının yüksək səviyyədə keçməsi üçün Azərbaycan hökuməti və Azərbaycan Gimnastika Federasiyasının bu idman növünə xüsusi diqqətinin şahidi olmuşuq. İkincisi, Azərbaycan Gimnastika Federasiyası Avropa Gimnastika Federasiyasının ən önəmli tərəfdaşıdır. Üçüncüsü isə gimnastikaya ölkənizdə xüsusi maraq və çox yüksək səviyyədə qayğı var. Bu səbəblərdə də biz inanırıq ki, Azərbaycan Avropa çempionatını layiqincə keçirəcək”.

Heidiger Avropa çempionatına qatılacaq ölkələrin təxmini sayını da açıqlayıb: “Bu çempionat iyunun 9-14-də keçiriləcək. Burada təxminən 21 ölkədən 120 böyük və 25 ölkədən eyni sayda yeniyetmənin iştirak edəcəyi gözlənilir. Qaliblər böyüklərin və yeniyetmələrin qrup, böyüklərin şəxsi mübarizəsində müəyyənləşəcək”.

Daha sonra Bakıda ilk dəfə olduğunu deyən Engman Bakıda hər şeyin əla olduğunu bildirib: “Burada hər şey yüksək səviyyədədir. Düzdür, hava şəraiti ilə əlaqədar hələ Bakını yaxşı gəzə bilməmişəm. Lakin gimnastların treninqində oldum bundan çox razı qaldım”.

Qeyd edək ki, Avropa çempionatı bundan öncə 2007 və 2009-cu illərdə Bakıda keçirilib.