17:30 10-02-2012
news_image
3431
DİGƏR NÖVLƏR

Məşhur idmançılarımızdan xalqa müraciət

Azərbaycanın məşhur idmançıları Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına namizədlik sənədlərinin təqdim edilməsinə öz dəstəklərini veriblər. Apasport.az saytının xəbərinə görə, Bakı-2020-nin səfirləri elan edilən idmançılarımız Azərbaycan əhalisinə müraciət edərək, onları da namizədliyimizi dəstəkləməyə çağırıblar.

Cüdo üzrə 2004 və 2008 Paralimpiya Oyunlarının qızıl mükafatçısı, 2 dəfə dünya, 4 dəfə Avropa çempionu İlham Zəkiyev bildirib ki, Bakı-2020-nin namizədliyini dəstəkləməyi özünə fəxr və borc bilir: “Olimpiya Oyunlarını paytaxtımıza gətirsək bu, bizim üçün böyük şərəf olar. Bizim 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyimiz dünyaya müasir Bakımızı tanıtmaq, eyni zamanda, əlilliyi olan gənc idmançılarımızın idmana olan həvəsini və idman potensialını gücləndirmək imkanı verər”.

Pekin Olimpiadasının qalibi Elnur Məmmədli isə hesab edir ki, Olimpiya Oyunları paytaxtımızda keçirilərsə, bu, Azərbaycanda digər idman növlərinin də inkişafına kömək olacaq: “Olimpiya Oyunlarında iştirak edən və qalib olan bir idmançı kimi mən də Bakının dünyanın ən möhtəşəm idman hadisəsinə ev sahibliyi namizədliyini ürəkdən dəstəkləyirəm. Olimpiadanın Bakıda keçirilməsi Azərbaycanda yeni idman növlərinin inkişafına səbəb olacaq və bir çox gənc qadın və kişi idmançılarımıza böyük ruh yüksəkliyi gətirəcək. Biz Azərbaycanda nümunəvi Olimpiya Oyunları keçirməyə hazırıq və layiqik”.

Sidney-2000-in qızıl, Afina-2004-ün bürünc mükafatçısı Zemfira Meftahəddinova da hamını Bakı-2020-yə dəstək olmağa çağırıb. Snayperimiz bildirib ki, paytaxtımız Olimpiadanı keçirməyə layiqdir: “Olimpiya Oyunları həm Azərbaycan xalqı üçün unudulmaz bir təcrübə olacaq, həm də, dünya xalqları üçün unudulmaz təəssüratlarla yadda qalacaq. Azərbaycanlılar çox qonaqpərvər xalqdır və biz sübut etmişik ki, dünya səviyyəli idman tədbirlərini keçirməyə qadirik. Bakı Olimpiya Oyunlarına layiqdir!”

Güləş üzrə Olimpiya çempionumuz Namiq Abdullayev də inanır ki, Olimpiadanın paytaxtımızda keçirilməsi Bakının nüfuzunu daha da artıracaq: “2020-ci il Yay Olimpiya Oyunlarını qazanmağımız Olimpiya çempionu olmaq qədər şərəflidir. Bu möhtəşəm yarışa ev sahibliyi Azərbaycan və Bakımızın nüfuzunu qaldıracaq və bütün dünyaya bizləri yaxından tanıdacaq. Bakı-2020 namizədliyi ürəkdən dəstəkləyirəm və uğurlar arzu edirəm”.

Yunan-Roma güləşi üzrə olimpiya çempionumuz Fərid Mənsurov isə bildirib ki, 2004-cü il Afina Olimpiya Oyunlarında qalib olmağı onun üçün böyük sevinc hissləri bəxş edib: “Güləş həm Azərbaycan, həm də Yunanıstanın qədim idman növləri olaraq hər 2 dövləti bir-birinə daha yaxın etdi. Mən də Bakının namizədliyini tam dəstəkləyirəm və inanıram ki, Olimpiya Oyunları Bakıda keçirilərsə, bu bizi dünya xalqları ilə daha da yaxınlaşdıracaq”.

Afina-2004-ün atıcılıq üzrə bürünc mükafatçısı İradə Haşımova hesab edir ki, 2020-ci il Olimpiadası Bakıya etibar edilərsə ölkəmizdə qadın idmanının inkişafına böyük təkan verəcək: “Qadın idmanının inkişafı çox vacibdir. Azərbaycan da bu sahədə ciddi addımlar atır. Hamı bilməlidir ki, Azərbaycan dünyada qadınların səsvermə hüququnu tanıyan və tətbiq edən ilk dövlətlərdən biridir. Mən də idmançı olaraq, Olimpiya məşəlinin 2020-də Bakıya gətirilməsini arzu edirəm və dəstəkləyirəm”.

Atçılıq idman növü üzrə London-2012 Yay Olimpiya Oyunlarına lisenziyaya real namizəd Camal Rəhimov isə bunları söyləyib: “Azərbaycanımızın məşhur Qarabağ atları dillər əzbəridir və mən də Azərbaycanı tanıtmaq üçün atçılıq idman növü üzrə ilk azərbaycanlı kimi Pekin Olimpiya Oyunlarında iştirak etmək şərəfini qazanmışdım. Pekin oyunlarından sonra mən bu idman npvünə Azərbaycanda marağın xeyli artdığının şahidi oldum. Azərbaycanlıların idmana böyük həvəsi və marağı var. Olimpiya Oyunları Bakıda keçirilərsə Azərbaycanda yeni idman növləri xeyli inkişaf edəcək.”

Məşhur şahmatçımız Teymur Rəcəbov da dəstəyini bildirir: “Çox sevinirəm ki, Bakı 2020 Olimpiya Oyunlarına Namizədliyini irəli sürüb. Bu bizim idmançılarımız üçün öz güclərini nümayiş etdirmək üçün daha geniş imkan yaradacaq. Fiziki və ya intellektual idman növündən aslı olmayaraq Olimpiya Oyunları əhalimizi geniş təbəqəsinin idmana olan marağını xeyli artıracaq”


Bakı 2020 Təşkilat Komitəsinin icraçı-direktoru Könül Nurullayeva məşhur idmançıların dəstəyinə münasibət bildirib: “Azərbaycanın elitar idmançılarının, bizim idman qəhrəmanlarımızın Bakını namizədliyini dəstəkləməsini alqışlayıram. Onlar dünya idman arenalarında mübarizə və qələbənin nə olduğunu gözəl bilirlər. Mən idmançılarımıza Bakı 2020 Səfirləri rolunda çıxış etməklərinə görə dərin minnətdarlığımı bildirirəm və 2020 Olimpiya və Paralimpiya Oyunlarının Bakıda keçirmək arzumuzu onların möhtəşəm qələbələrinə ehtiram kimi görürəm”.

Bakının Namizədlik sənədləri 14 Fevral 2012 tarixində İsveçrənin Lozanna şəhərində yerləşən Beynəlxalq Olimpiya Komitəsinə təqdim ediləcək.