10:00 13-02-2012
news_image

Boksçularımız “Strandja” turnirində

Azərbaycan boksçuları fevralın 22-də ilin ikinci yarışında iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq ənənəvi “Strandja” turnirində həm kişilərdən ibarət milli komandamız, həm də qadınlar mübarizə aparacaq.

“Unversiada” İdman Sarayında təşkil olunacaq yarışa komandamızı qadınlardan ibarət milli komandanın baş məşqçisi Aleksandr Denisov, yığmanın məşqçisi Nəriman Abdullayev və Rasim Məmmədov aparacaq. Kişilərin turnirində cəmi 5 boksçumuz çıxış edəcək. 52 kq çəki dərəcəsində Bolqarıstanda ölkəmizi son Azərbaycan çempionu Tural Əhmədov təmsil edəcək. Bu boksçu ölkə çempionatında 49 kq çəki dərəcəsində bütün rəqiblərini üstələmişdi.

Yığmanın heyətində 2 təcrübəli boksçu da var. Bunlar Azərbaycan çempionatında 2-ci yeri tutmuş Rəhim Nəcəfov (56 kq) və Emil Məhərrəmovdur (69 kq). Elvin İsayev (60 kq) uzun müddətli zədədən sonra ilk dəfə Bolqarıstanda rinqə çıxacaq. Heyətdəki digər boksçu isə superağır çəkidə döyüşəcək Zamiq Atakişiyevdir.

“Strandja” turnirində qızlar yalnız Olimpiya çəkilərində (51, 60 və 75 kq) yarışacaqlar. Milli komandamızın heyətinə Neft Ölkələrinin Dünya Kubokunda gümüş medal qazanmış Yelena Vıstropova (75 kq), Ayzanat Hacıyeva (60 kq) və Anna Əlimərdanova (51 kq) daxil edilib.

Fevralın 25-də başa çatacaq yarışda Kuba, Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, Çin, Özbəkistan kimi boksda böyük ənənələri olan ölkələrin nümayəndələri də iştirak edəcəklər. İlkin məlumata görə, “Strandja” turnirində ümumilikdə 163 idmançı (127-i oğlan, 36-sı isə qadınlar) gücünü sınayacaq.