12:16 13-02-2012
news_image

Milli komandalarımız üçün növbəti beynəlxalq sınaq

Sabah Ukraynanın paytaxtı Kiyevdə sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir start götürəcək. Apasport.az saytının xəbərinə görə, yarışda həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımız iştirak edəcək.

Turnirdə iştirak edəcək sərbəst güləşçilər bu gün Kiyevə yola düşüb. Yığma komandanın 11 üzvünün yer aldığı heyətə böyüklərdən ibarət yığma komandanın məşqçisi Aslan Ağayev və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev rəhbərlik edir.

Turnirdə medallar uğrunda Namiq Sevdimzadə (55 kq), Ağahüseyn Mustafayev, Hacı Əliyev (hər ikisi 60 kq), Emin Əzizov, Zəlimxan Hüseynov (hər ikisi 66 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (hər ikisi 74 kq), İlya Xamikoyev, Novruz Temrezov (hər ikisi 84 kq), Aslanbek Alborov (96 kq) və Əli İsayev (120 kq) mübarizə aparacaq.

Baş məşqçi Rövşən Umudov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında yığma komandanın üzvləri isə fevralın 2-dən etibarən Kiyevdə t təlim-məşq toplanışında iştirak edirlər. Heyətdə Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula, Anna Belyayeva, Gözəl Zutova (hamısı 63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) yer alıb.

Turnirin proqramına əsasən, ilk gün 48, 55, 63, 72 kq çəkidə qadın, 55, 66, 84, 120 kq-da sərbəst, ikinci gün isə 51, 59, 67 kq çəki dərəcələrində qadın, 60, 74, 96 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq.