“İddiaçıların turnirinin sponsoru Azərbaycandır”
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Londonda keçiriləcək iddiaçıların turniri ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, FİDE rəhbəri oktyabrın 23-dən noyabrın 13-dək Böyük Britaniya paytaxtında baş tutacaq yarışı Azərbaycanın maddi dəstəyi hesabına həyata keçəcəyini bəyan edib.
Belə ki, İlyumjinov Rusiya mətbuatına müsahibəsində turnirin Azərbaycanın hesabına təşkil ediləcəyini təsdiqləyib: “Bəli, bu belədir. Londonda iddiaçıların turnirinin sponsoru kimi Azərbaycan çıxış edir”.
Qeyd edək ki, iddiaçıların siyahısında ən güclü şahmatçımız olan Teymur Rəcəbov da yer alıb. Onun yarışa təşkilatçıların nominantı kimi qatılacağı açıqlanıb.