18:11 20-02-2012
news_image
1506
STOLÜSTÜ OYUNLAR

Mahir Məmmədov: Maqnus Karlsen də Azərbaycana gəlmək istəmirdi

“Bakı şəhərinin 2013-cü il dünya çempionatına namizədliyini irəli-sürüb sürməyəcəyi bu il keçiriləcək iddiaçılar turnirinin nəticəsindən asılı olacaq”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov deyib.

O bildirib ki, oktyabrın 23-dən noyabrın 13-dək keçiriləcək iddiaçılar turniri Azərbaycan tərəfinin sponsorluğu ilə Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunacaq. M.Məmmədovun sözlərinə görə, Bakı şəhəri də iddiaçılar sırasında olub. Lakin təkcə ermənistanlı qrossmeyster Levon Aronyan deyil, həm də norveçli Maqnus Karlsenin ölkəmizə gəlməkdən imtinası bu variantın baş tutmasını əngəlləyib. Nəticədə AŞF rəhbərliyi Beynəlxalq Şahmat Federasiyası (FİDE) ilə London variantına razılaşıb.

M.Məmmədov belə qərar qəbul etmələrini 4 səbəblə əlaqələndirib: “Əsas məqsədimiz öz şahmatçımızın iddiaçılar turnirində iştirakını təmin etmək idi ki, buna da nail olduq. Londonda keçiriləcək turnirdə ölkəmizi son zamanlar göstərdiyi sabit oyun və FİDE reytinqindəki üstün mövqeyi ilə əlaqədar, çox güman ki, Teymur Rəcəbov təmsil edəcək. İkincisi, Levon Aronyan və Maqnus Karlsen ölkəmizdə oynamaq istəmədiklərini bildirdilər. Aronyanla bağlı vəziyyət məlumdur. Karlsen isə tez-tez FİDE xəttinə zidd çıxır. Biz də ali şahmat qurumu ilə münaqişənin olmaması naminə Bakının namizədliyini geri götürdük. Üçüncüsü, 2012-ci il Yay Olimpiya Oyunları da Londonda təşkil olunacaq. Olimpiadadan cəmi 2 ay sonra isə iddiaçılar turniri baş tutacaq. Azərbaycan həm güc, həm də intellektual idman növlərində nəyə qadir olduğunu belə böyük şəhərdə nümayiş etdirmək niyyətindədir. Nəhayət, 2012-ci il ölkəmizdə İdman İli elan olunub. Bununla əlaqədar təkcə daxildə deyil, xaricdə də reklam kampaniyası aparacağıq. Azərbaycan tərəfinin sponsorluğu ilə iddiaçılar turnirinin keçirilməsi gözəl təbliğat olardı”.

AŞF rəsmisi FİDE ilə müqavilənin martın ortalarınadək bağlanılacağına ümid etdiyini vurğulayıb. Anlaşmaya əsasən, ölkəmiz ali şahmat qurumunun hesabına müəyyən məbləğdə pul köçürəcək, yarışda öz şahmatçımız da mübarizə aparacaq. Əvəzində FİDE iddiaçılar turnirinin titul sponsoru qismində Azərbaycan və ya Azərbaycanın hər hansı qurumunun olmasını təmin edəcək. Turnirdə ümumilikdə 8 iddiaçı yarışacaq. Qalib şahmatçı bu ilin mayında Rusiyanın paytaxtı Moskvadakı “Tretyakov qalereyası”nda israilli Boris Gelfand və hindistanlı Vişvanatan Anand arasında keçiriləcək dünya çempionluğu uğrunda qarşılaşmanın qalibi ilə 2013-cü ildə üz-üzə gələcək.

M.Məmmədov bildirib ki, iddiaçılar turnirinin qalibi Azərbaycan şahmatçısı olarsa, dünya şahmat tacı uğrunda görüşün ölkəmizdə təşkili üçün namizədliklərini verəcəklər. Əks halda, namizədlik məsələsinə AŞF-nin iclasında baxılacaq.

Qeyd edək ki, FİDE prezidenti Kirsan İllümjinov 2013-cü il dünya çempionatına Azərbaycanın namizədliyini vermək istədiyini açıqlayıb.