13:57 22-02-2012
news_image

3-ü irəlilədi, 2-si gerilədi

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran-pri turnirinin yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan cüdoçuları üçün elə də uğursuz olmayıb.

Belə ki, Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev (60 kq), Elmar Qasımovun (100 kq) və Kifayət Qasımova (57 kq) yarışda mükafatçılar sırasında yer almasalar da, rəqiblərinin geriləməsi səbəbindən hərəsi 1 pillə irəliləyib. Onlar müvafiq olaraq, 10-cu, 36-cı və 13-cü yerlərə yüksəliblər.

Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq) və Ramilə Yusubova (63 kq) əvvəlki siyahıda olduğu kimi yenə müvafiq olaraq, 14-cü, 3-cü və 15-cidir.

Qran-pridə iştirak etməyən Elxan Rəcəbli (81 kq) və Almaniyada 5-ci olan Elxan Məmmədov (90 kq) isə hərəyə 1 pillə geriləyiblər. Bunlardan birincisi 27-ci, ikincisi 12-ci yerə düşüb.

Reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, ötən həftə Qran-pridə yalnız Məmmədli gümüş medal qazanmışdı.