14:49 24-02-2012
news_image
1482
STOLÜSTÜ OYUNLAR

Mahir Məmmədov: Mən hətta Levon Aronyanı öz evimdə də yerləşdirə bilərəm

“Biz Levon Aronyana həm yüksək səviyyəli şahmatçı kimi, həm də intizamlı idmançı böyük hörmət edirik. Mən son anadək ümid edirdim ki, o bu proseslə bağlı baxışına yenidən nəzər salacaq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

Qurum rəsmisi Rusiya mətbuatına geniş müsahibəsində iddiaçıların Londonda keçiriləcək turnirinə də toxunub. Belə ki, Bakının da ev sahibliyi etmək istədiyi yarışın son anda Böyük Britaniya paytaxtında keçirilməsi qərara alındı. Buna əsas səbəblərdən biri isə ermənistanlı qrossmeyster Levon Aronyanın Bakıya gəlmək istəməməyi idi.

Məmmədov bildirib ki, Aronyanın fikirindən daşınmağı daha məqsədəuyğun olardı: “Çünki həyat davam edir, vəziyyət dəyişir. Özü də pisliyə deyil, yaxşılığa doğru. Müxtəlif köşə yazılarında və forumlarda deyilənlərə baxmayaraq, Ermənistan və Azərbaycan nümayəndələrinin bir-birlərinə səfəri var. Məsələn, mən təyyarəyə minməmiş belə bir informasiya oxudum ki, bizim Milli Məclisin 3 deputatı İrəvana gedir. Bu müəyyən missiyalar çərçivəsində olur. Mən başa düşürəm ki, bizim parlament nümayəndələrini orada hansısa fit səsləri ilə qarşılaya bilərlər. Hər şey ola bilər, bundan qaça bilməzsən. Ancaq nəsə etmək lazımdır. Niyə də Levon bu sülhün yaranması prosesində təşəbbüskarlardan biri kimi çıxış etməsin? Onun Bakıya səfəri boksçuların gəlişi deyil”.

Vitse-prezidentin sözlərinə görə, Aronyan Bakıya gəlmək üçün razılıq versə idi, bu vəziyyətin yaxşılığa doğru dəyişməsinə böyük təsir göstərə bilərdi: “Həqiqətən də, fikirləşirəm ki, Aronyan belə deyərdi: “Niyə mən? Niyə məhz mənimlə başlamaq lazımdır? Niyə məhz mənim bu mərhələdə çıxışımla qurban vermək lazımıdır?”. Mən belə olduğunu fikirləşmirəm... Yenə də təkrarlayıram ki, o yüksək səviyyəli şahmatçıdır və ağılına saldığı fikirlərdən uzaq durub, normal oynaya bilər. Şərait ən yüksək səviyyədə ola bilər və hətta mən onu öz evimdə də yerləşdirə bilərəm”.

Qeyd edək ki, Londonda keçiriləcək iddiaçıların turnirində ev təşkilatçılarının nominantı kimi həmyerlimiz Teymur Rəcəbov çıxış edəcək.