14:13 25-02-2012
news_image
1955
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızın Avropa çempionatı üçün heyəti məlum oldu

Martın 6-11-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək güləş üzrə Avropa çempionatıda mübarizə aparacaq Azərbaycan milli komandalarının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışına qatılacaq sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığmalarımızın heyəti Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev tərəfindən açıqlanıb.

Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Qalib Əliyev (55 kq), Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Aleksandr Qostiyev (74 kq), İlya Xamikoyev (84 kq), Novruz Temrezov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) təmsil edəcəklər. Komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda iştirak edəcək.

Qadın güləşi üzrə yığmamızın heyətində Marziget Baqomedova (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula (63 kq), Nadya Sementsova (67 kq) və Natalya Palamarçuk (72 kq) yer alıblar. Komandanı çempionata baş məşqçi Rövşən Umudov, böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfov hazırlaşdırır.

Yunan-Roma güləşi üzrə millinin məşqçilər korpusu Salih Bora, Şaban Donat, Mutalib Yerlikaya və Turac Hüseynov 55 kq-da Elçin Əliyev, 60 kq-da Kamran Məmmədov, 66 kq-da Vitali Rəhimov, 74 kq-da Elvin Mürsəliyev, 84 kq-da Saman Təhmasibi, 96 kq-da Şalva Qadabadze və 120-də Məsud Həşimzadəyə şans verəcək.