09:48 27-02-2012
news_image

Boksçularımız “Strandja”dan 2 bürünc medalla qayıdırlar

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, qadınlardan ibarət milli komandamızın üzvləri yarışda 2 bürünc medal qazanıblar.

51 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova Çexiya boksçusu Yana Yuranovanı 15:4 hesabı ilə məğlub edib. Ancaq həmyerlimiz yarımfinalda italiyalı Valeria Kalabrezeniyə 6:9 hesabı ilə uduzaraq, 3-cü yerlə kifayətlənib. 75 kq çəki dərəcəsində yarışan Yelena Vıstropova da “Strandja” turnirində 3-cü yerə sahib olub. Boksçumuz əvvəlcə almaniyalı Anna Strohmayerə 18:7 qalib gəlsə də, yarımfinalda çinli Li Jinziyə 9:13 hesabı ilə uduzub. Ayzanat Hacıyeva (60 kq) isə ilk döyüşdə ukraynalı Aleksandra Sidorenkoya 5:9 hesabıyla məğlub olaraq, mübarizəni dayandırıb.

Təəssüf ki, oğlanların turnirində mübarizə aparan 5 boksçumuz – Tural Əhmədov (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Emil Məhərrəmov (69 kq) və Zamiq Atakişiyev (91+kq) ilk döyüşdə uduzaraq, yarışdan kənarda qalıblar.