00:01 05-03-2012
news_image
1944
DİGƏR NÖVLƏR

APASPORT - 5 il birgə SİZİNLƏ

Hər şey 5 il öncə başladı. “APA”nın baş redaktoru Vüsalə Mahirqızının təşəbbüsü ilə agentliyin idman bölməsi yarandı ki, əslində, bəlkə də Vüsalə xanımdan başqa kimsə yeni doğulan “körpə”nin belə tez ayaq açıb, çox keçmədən dil-dil ötəcəyinə inanmamışdı.

Elə də böyük olmayan, amma ölkədə fəaliyyət göstərən idman portalları ilə müqayisədə böyük sayıla biləcək 5 nəfərlik heyətlə işə başladıq. Kənan Həsənov, Elşən Məmmədov, Mehman Süleymanov, Aqşin Əliyev, sonradan bizə qoşulan Vüqar Xeyrullayev və Tahir Hümmətov “Apasport”un böyüməsi, ölkədə sayılıb-seçilən idman portalı olması, və ən əsası, geniş oxucu auditoriyası qazanması üçün çalışan ailənin üzvləri idi.

Hər şey asan olmasa da, əl-ələ verib uğurla çalışan kollektivimiz çox tezliklə Azərbaycan mediasında sözünü deməyi bacardı. Bəzən 1 saat ərzində saytda yerləşdirdiyimiz materialların sayı 20-yə çatsa belə, hansısa xəbərimiz 1 gün sonra təkzib verəcək qədər aciz durumda qalmadı. Operativ surətdə verilən xəbərlərimiz daim eksklüzivliyi, dəqiqliyi ilə seçildi. Məhz bunun nəticəsidir ki, ölkənin idman həyatında gündəmə çıxan vacib xəbərlərin dəqiqliyini bilmək üçün oxucu öncə “Apasport”a müraciət etdi.

Ölkə futbolunda yay və qış transferləri dönəmində əməkdaşlarımız Azərbaycan çempionatının iddialı klubları ilə birgə xarici toplanışlarda iştirak etməklə, ən isti transfer xəbərlərini, yoxlama oyunlarından onlayn reportajları oxuculara təqdim edib, saytımızın lider idman portalına çevrilməsinə nail oldu. Bununla yanaşı, “Apasport” son illər bütün təlim-məşq toplanışlarında, rəsmi və yoldaşlıq oyunlarında milli komandanı tək buraxmadı. Futbolla yanaşı, bütün idman növlərinə geniş yer ayıran saytımız Portuqaliyada keçirilmiş cüdo üzrə Avropa çempionatına da yollanıb, həmvətənlərimizin uğurlarını ölkəmizə ilk çatdıran idman portalı kimi yaddaşlara yazıldı.

Bu gün kollektivimizin gərgin əməyinin nəticəsidir ki, rəsmi olmasa belə, “Apasport” əksər idman portalları üçün məlumat bazası rolunu daşıyır. Saytımızdan götürülən xəbərlərə istinad olunmamağını heç vaxt bu oğurluğu edənlər üçün problemə çevirmədik. Çünki saytımız artıq ölkədə sevilən, oxunan ən böyük idman portallarından biri statusunu daşımağa çoxdan başlamışdı.

İlk gündən heç vaxt oxucu qazanmaq üçün belə ucuz yollara əl atmamağı qarşısına məqsəd qoyan “Apasport” ölkə mediasında uğura doymadan yolunu davam etdirdi. Bu gün saytımız Azərbaycanda fəaliyyət göstərən əksər səfirliklərə, qəzetlərə gündəlik xəbər bülleteni hazırlayıb göndərməklə, bir daha nə qədər dəqiq və operativ portal olduğu kimi vacib adı özündə saxlayır.

Bu müddətdə çəkdiyimiz əziyyət layiqincə qiymətini almaqla, bizi daha böyük uğurlara can atmağa, çalışmağa sövq edir. Gənclər və İdman Nazirliyi ilin yekunlarına əsasən 2 dəfə saytımızı “İlin ən yaxşı idman portalı” nominasiyasında qalib elan edib. Bununla yanaşı, bu 5 il ərzində həmişə ilin yekunlarına əsasən müxtəlif təşkilatlardan belə mükafatlar almaqla doğru yolda olduğumuza bir daha inanmışıq.

Bu gün 5 yaşını tamamlayan “Apasport”un qarşıda görəcəyi işləri hələ çoxdur. Biz bu işləri, layihələri həyata keçirməklə bir daha öndə olduğumuzu sübut etməyə çalışacağıq. Amma bu yolda SİZİ daim yanımızda görmək istəyirik, əziz oxucular. Çünki bizi heç vaxt tək qoymadınız.

5 yaşımız mübarək!