16:47 05-03-2012
news_image
1178
DİGƏR NÖVLƏR

Azad Rəhimov: Eyni şəxs 10 federasiyanın da prezidenti ola bilər – MÜSAHİBƏ

“Olimpiadaya lisenziya qazanmayan federasiyaların fəaliyyəti məni qane etmir”. Gənclər və idman naziri Azad Rəhimov Lent.az-a müsahibə verib. Nazir A.Rəhimov öncə 5 Mart – Bədən Tərbiyəsi və İdman günü ilə bağlı danışıb:

- Əvvəlcə bu bayram günündə mən bütün idmançıları, idmansevərləri, Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Həqiqətən də bu, ümumxalq bayramdır. Biz doğrudan da idman ölkəsiyik. İdmandakı uğurlar, nailiyyətlər bunu sübut edir. Gördüyünüz kimi, idmanın bazası möhkəmlənir, çoxlu nailiyyət əldə olunur. Bu il cənab prezident tərəfindən İdman İli elan olunub. İnanıram ki, il ərzində xalqımız gözəl tədbirlərin, yarışların, müxtəlif maraqlı çempionatların şahidi olacaq. İstərdik ki, bu il həqiqətən də maraqlı keçsin, rəngarəng tədbirlər olsun və idmanın inkişafına, təbliğinə həsr olunsun. 2012-ci ildə London Yay Olimpiya Oyunlarında iştirak edəcəyik. Lisenziyalarımızın sayı gündən-günə çoxalır. İnanırıq ki, komandamız böyük tərkibdə London olimpiadasında iştirak edəcək. Bakı şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçıdır. Bu istiqamətdə çox iş aparılır. İnanırıq ki, namizəd şəhər elan olunacağıq. Bu uğurların hamısı sübut edir ki, Azərbaycanda idmana böyük dəstək, böyük diqqət var. Buna görə də nailiyyətlərimiz çox yüksəkdir.


- Sizcə, ölkəmiz London olimpiadasına neçə lisenziya qazanmaq iqtidarındadır?
- Olimpiadaya 100 gün qalmış artıq 30 lisenziyamız var. İyulun 27-də start götürəcək London Yay Olimpiya Oyunlarınadək lisenziyalarımızın sayının 50-yə çatacağına inanıram. Bu il idmançılarımızdan daha yüksək nailiyyətlər gözləyirik. Qarşıdakı 100 gündə təlim-məşq toplantıları və yarışların uğurlu keçməsini, olimpiadada isə çoxlu sayda medal arzulayıram.


- Azərbaycan futbolundakı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?
- Martın 4-də 17 yaşadək qızlardan ibarət yığmamız Gürcüstana 6:0 hesabı ilə qalib gəldi. Bu, futbolumuzun inkişafından xəbər verir. Yaxın illərdə bundan böyük uğurlarımızın olacağına inanıram.


- Bəs yoldaşlıq görüşündə Fələstini belə məğlub edə bilməyən kişilərdən ibarət yığmamız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində nəyə ümid edə bilər?
- Son 3 il ərzində yığmamızda böyük dəyişikliklər olmayıb. Ona görə ki, hələ yeni nəsil əsas komandaya qatılmayıb. Onlar da qatıldıqdan sonra uğurlar olacaq. Dubaydakı görüşlərdə gəncləri heyətə cəlb etmişdilər. U-19, U-21 yığmalarının üzvləri gələcəkdə əsas yığmada tam hazırlıqlı vəziyyətdə çıxış edə bilmələri üçün yoxlanırdılar. İşlər plan üzrə gedir. Baş məşqçi Berti Foqtsla müqavilə müddəti uzadılıb. İnanırıq ki, uğurlar da olacaq.


- Hazırda bəzi federasiyalarda prezident yoxdur. Bu baxımdan eyni şəxsin 3 federasiyaya rəhbərlik etməsinə necə yanaşırsınız?
- 10 federasiya da ola bilər. Federasiyalar müavinlər, bu idman növü ilə məşğul olanlar arasında bölünüb. Hərə öz işi ilə məşğuldur.


- Həndbol Federasiyasındakı problemlər nə vaxt həllini tapacaq?
- Bu federasiyanın öz prezidenti var. Hazırda Üzgüçülük Federasiyasının prezidenti yoxdur. Reqbi Federasiyasında işlərin necə getdiyini nəzərdən keçirməliyik. Gələcəkdə ola bilsin, bu federasiyaya yeni prezident seçilə bilər.


- Bəs Sizi hansı federasiyanın fəaliyyəti qane etmir?
- Olimpiadaya lisenziya qazanmayan federasiyaların fəaliyyəti məni qane etmir. Onlar da məlumdur.


- Sizcə, bu il ilk dəfə olimpiadada komanda növündə təmsil olunmaq reallaşacaqmı?
- Biz bunun yarım addımlığındayıq. Ola bilsin, otüstü hokkey növündə lisenziya qazandıq.