14:14 06-03-2012
news_image

Taekvondoçularımız üçün olimpiada proqramı hazırlanıb

Azərbaycan Taekvondo Federasiyası (ATF) qurumun prezidenti Kəmaləddin Heydərovun göstərişi ilə 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıq proqramı tərtib edib. Bu haqda Lent.az-a ATF-nin I vitse-prezidenti Füzuli Musayev məlumat verib. O bildirib ki, iyulun 27-də start götürəcək olimpiadayadək taekvondoçularımız bir neçə təlim-məşq toplantısında iştirak edəcəklər. Bunlardan birincisi Fransada olacaq. Sonra yığmamız İspaniyanın açıq çempionatına qatılacaq, Tailand, Cənubi Koreya, Meksika, Rusiya və Türkiyədə hazırlıq prosesi keçəcək.

London olimpiadasında 2 taekvondoçumuz – Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) iştirak edəcəklər. Onlar ötən il Bakıda keçirilmiş dünya təsnifat turnirində uğurla çıxış edərək, XXX Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Daha 2 taekvondoçumuz – Təvəkkül Bayramov (+80 kq) və Günay Ağakişiyeva (57 kq) bu il yanvarın sonlarında Rusiyanın Kazan şəhərində təşkil olunmuş Avropa təsnifat turnirində isə uğursuzluğa düçar olublar.

Musayevin sözlərinə görə, Kazan uğursuzluğundan sonra ATF İdarə Heyətinin iclası olub. Toplantıda bölgü aparılıb. Olimpiya yığması böyüklərdən ibarət komandamızdan ayrılıb. Kişilərdən Ramin Əzizov, Bayraməli Vəliyev, Elvin Məmmədov, Fariz Əliyev və İlkin Şahbazov, qızlardan isə 4 ən güclüsü olimpiya yığmasının tərkibində yer alacaq. Bu komandaya cənubi koreyalı mütəxəssis Con Conq Be rəhbərlik edəcək. Ona Elnur Amanov kömək edəcək. Taekvondoçularımızı London olimpiadasına məhz bu iki mütəxəssis aparacaq. Ələkbər İmaməliyev isə Azərbaycan millisinin baş məşqçi postunda fəaliyyətini davam etdirsə də, taekvondoçularımızı yalnız Avropa və dünya çempionatlarına hazırlayacaq: “Olimpiadada nəticə yaxşı olsa, hər kəs öz yerinə qayıdacaq və əl-ələ verərək, növbəti mötəbər yarışlara hazırlaşacaq”.

ATF rəsmisi Kazandakı turnirdə daha çox Təvəkkül Bayramovun çıxışından təəssüfləndiyini bildirib. Onun fikrincə, Bayramov istənilən səviyyədə döyüşə bilməyib: “Bilmirəm ki, nəyə görə belə alındı. Təlim-məşq toplantılarımız yüksək səviyyədə keçirilmişdi. Düzdür, hazırlıq prosesi müddətində Bayramov fiziki yükləmələrdən sonra bərpa olunmaqda bir qədər çətinlik çəkirdi. Bu da onun yaşından irəli gəlirdi. Amma Təvəkkülün təcrübəsinə bel bağlayırdıq. O, ötən il elə Rusiyada Avropa çempionu olmuşdu. Amma əfsuslar olsun ki, bu dəfə alınmadı”.

ATF rəsmisi 30 yaşlı Bayramovun gələcək karyerasının onun özündən asılı olduğunu da əlavə edib: “Təvəkküllə söhbətimiz oldu. İstəsə, idmançı karyerasını davam etdirə bilər. Onun kimi idmançılar bizdə çox azdır. Artıq Niyaməddin Paşayev, Elnur Amanov, Fəqan Umudov, Rəşad Əhmədov, Zahid Məmmədov kimi dünya səviyyəli taekvondoçularımız karyeralarını bitirsələr də, digər idmançılarımızın təlim-məşq toplantılarına qatılır və öz köməkliklərini göstərirlər. Əgər Bayramov da böyük idmandan gedərsə, veteran taekvondoçularımız kimi köməkçi-məşqçi qismində əlindən gələn yardımı göstərəcək”.