00:02 07-03-2012
news_image
2221
DÖYÜŞ NÖVLƏRİ

Elxan Rəcəbli: Onunla halallaşdıq

Cüdo üzrə Azərbaycan yığmasının üzvü Elxan Rəcəblinin (81 kq) apasport.az saytına müsahibəsi

- Son 2 beynəlxalq səviyyəli yarışda yığmamızın heyətində yer almadınız. Bu nə ilə bağlıdır?
- Səbəbi məni aparmamaqlarıdır. Yəqin son yarışlarda uduzduğum üçün belə oldu. Bunu baş məşqçi yaxşı bilər və getməməyim hazırkı formamla bağlıdır.

- Bəlkə məşqçilər korpusu artıq London-2012-yə yollanmaq şansını itirdiyiniz üçün belə addım atır...
- Yox, qarşıda Avropa çempionatı var. Qitə çempionatında qalib olsam da, burada qazandığım xal mənə bəs etməyəcək. Belə götürəndə, mənim də kifayət qədər lisenziya xalım var. Lakin çəkimdə mübarizə aparan Elnur Məmmədli mənimlə müqayisədə çox irəlidədir. Şansım demək olar ki, yoxdur. Elnur məni keçdi. Başqa nə demək olar? Onunla halallaşmışıq. Yəni, öz aramızda da əvvəlcədən söhbət olub ki, kim güclüdürsə, Olimpiadaya o gedəcək. Ötən dəfə haqsızlıq olsa da, bu Olimpiya tsiklində Elnur məni çox qabaqladı. Sübut elədi ki, həqiqətən bu çəkidə güclüdür. Məşqçilər korpusu da sağ olsunlar, məni axıra kimi yarışlara apardılar.

- Siz lisenziya xalları yığılmağa başlayanda Elnurdan çox irəlidə idiniz. Hətta Məmmədli müəyyən müddət yarışlara qatılmadı. Sonradan nə baş verdi ki, belə eniş yarandı?
- Elnurun 2 dəfə “World Masters”i udmağı işinə çox yaradı. O, elə 800 xal buradan götürdü. Mən isə özümü göstərə bilmədim. Çünki stabil çıxış etməyi bacarmadım. Bir çox yarışlarda məğlub oldum və etimadı doğrultmadım. Səbəb kimi də yalnız bunları göstərə bilərəm.

- Baş məşqçiniz Ağayar Axundzadə də stabil çıxış etmədiyinizi vurğulayır...
- Hə, təqribən elə bir şeydir. İndi ümumiyyətlə hamı elədir. Bir Elnur istisnadır. Çünki həqiqətən də güləşir, ona heç bir söz ola bilməz. O birilər də uduzurlar. Sadəcə, onların çəkisində ciddi rəqabət olmadığı üçün lisenziya götürüblər. Mənim çəkimdə isə ötən Olimpiadada Mehman Əzizov, indi isə Məmmədli oldu. Lisenziya götürsəm də, ondan geri qalıram.

- Yəni 81 kq çəki dərəcəsində tək olsaydınız, Olimpiya Oyunlarına lisenziya qazana bilərdiniz...
- Bəli, indi 26-cı yerdəyəm. Reytinq cədvəlindəki eyni ölkədən 2-ci idmançıları çıxdıqdan sonra mən təqribən 18-ci yerə qalxıram. Olimpiada da 1-22-ci yerlər iştirak edirlər. Hələ 2 yarışı da buraxmışam. Güləşsəm, yer tutsaydım bəlkə də qabağa gedərdim. Hələ irəlidə də Avropa çempionatı var. Sadəcə, şansımı demək olar itirdiyim üçün Almaniya və Çexiyaya aparmadılar.

- Gələcək karyeranız barədə nə fikirləşirsiniz?
- Gələcək karyeram deyəndə ki, hələ apreldə Avropa çempionatını güləşmək istəyirəm. Sonrasına isə baxarıq.

- Artıq Avropa çempionatına yollanacaq heyətə daxil edilmisiniz?
- Yox, bu, hələ bilinmir. Yığmamız bu gün Çexiyaya təlim-məşq toplanışına getməlidir. Oraya yollanmayacağım dəqiqdir. Amma qitə çempionatında hər ölkə 2 idmançı təmsil oluna bilər. Yəni bu yarışa getmək istəyərdim. Olimpiadaya yollana bilməsəm belə, Avropa çempionatı da bir şansdır, rəsmi yarışdır. Karyeramda son rəsmi turnir də ola bilər.

- Onda belə çıxır ki, məqsədiniz Avropa çempionatına qatılaraq, burada mükafatçılar sırasında yer almaq və qalib kimi karyeranıza nöqtə qoymaqdır?
- Hər şey ola bilər. Özümü heç kimdən zəif saymıram. İdman bəxtsizliyi mənim tərəfimdə çox olub. Mən uşaq deyiləm, 32 yaşım var. 12 ildir yığmanın üzvüyəm. Bir çox titullara imza atmışam. Zəif olsaydım, bu yaşa kimi idmanda qala bilməzdim. O suala özüm də cavab tapa bilmirəm ki, necə məğlub oluram. Hərdən elə güclü uşaqları uduram, ancaq hərdən zəiflərinə də gözlənilmədən uduzuram. Amma mən Avropa və dünya çempionatlarını qalib kimi başa vurmağa qadirəm. Əsas problem stabilliyimin olmamasıdır. Həm də cüdo da çox çətin idman növüdür. Hər dəqiqənin, hər saniyənin öz hökmü var. Bir balaca səhv etdin, uda da bilərsən, uduza da.

- Onda gələcək karyeranızla bağlı yekun qərarı nə vaxt verməyi planlaşdırırsız?
- Bunu hələ dəqiq deyə bilmərəm.