00:11 07-03-2012
news_image

Olimpiyaçılarımız asan qələbə qazandılar

“Sərhədçi” İdman Olimpiya Mərkəzində “Böyük İpək Yolu” beynəlxalq boks turnirinə start verilib. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Qətər, Türkmənistan, və Belarusun 84 idmançısı mübarizə aparır.

London Olimpiadasına lisenziya qazanan 5 boksçumuzdan yalnız Teymur Məmmədov zədə səbəbindən turnirdə iştirak etmir. Yarışın ilk günündə Olimpiya oyunlarına vəsiqə qazanan 3 həmyerlimiz rinqə çıxıb. 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ölkə çempionatının gümüş mükafatçısı Kamran Orucovu 19:7 hesabı ilə məğlub edib. Digər iki boksçumuz isə vaxtından əvvəl qələbəni təmin edib.

Soltan Migitinov (75 kq) Qətəri təmsil edən Darbek Aslanbeklə döyüşdə bir raundda rəqibini 3 dəfə noqdauna saldığından döyüş dayandırılıb. Dünya çempionumuz Məhəmmədrəsul Məcidov isə tam üstünlüklə Qazaxıstan nümayəndəsi Kanşibek Konkabayevi məğlubiyyətə uğradıb.

Dünya və Avropa çempionatlarının mükafatçısı Samir Məmmədov (56 kq) gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngova uduzub – 9:15. Uzun illər milli komandamızın lideri olmuş Emil Məhərrəmov (69 kq) isə Qətər boksçusu Xzam Əhməd Nabatı nokauta salıb.

52 kq çəki dərəcəsində bu il Azərbaycan çempionu olmuş Cavid Çələbiyev isə Qətərin digər təmsilçisi Nurlan Abjanova yenilərək, mübarizəni dayandırıb.