18:49 09-03-2012
news_image
1048
DÖYÜŞ NÖVLƏRİ

Milli komandamız hamını qabaqladı

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, Azərbaycan idmançıları yarışda 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar.

52 kq çəki dərəcəsində Salman Əlizadə ilə Tural Əhmədovun görüşü kifayət qədər maraqlı alınıb. Əhmədov Əlizadənin iştirak etmədiyi son ölkə çempionatında 1-ci yerə layiq görülmüşdü. Bu dəfə isə Avropa çempionu Salman Əlizadə 13:9 hesabı ilə qələbə qazanıb. Olimpiys oyunlarına lisenziya qazanan Elvin Məmişzadə Qazaxıstan nümayəndəsi Oljas Satibayev üzərində çətinlik çəkmədən qələbə qazanıb – 20:11. Gənclər arasında dünya birinciliyinin qalibi olan Şaban Şahpələngov (56 kq) Qriqori Nikolayçuka (Rusiya) 1 xal fərqlə uduzaraq, 2-ci yerlə kifayətlənib. Turnirin sensasiyasına 64 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov imza atıb. Yarımfinalda Rusiya milli komandasının 1-ci nömrəsi, Avropa çempionatının bürünc mükafatçısı Aleksandr Solyanikov üzərində qələbə qazanan boksçu final görüşünü də öz xeyrinə başa vurub.

Onun London Olimpiadasına lisenziya qazanmış Heybətulla Hacəliyevlə qarşılaşması 9:9 hesabı ilə başa çatsa da, qələbə gənclər arasında Avropa çempionu Bağırova verilib. Rusiya yığmasının aparıcı üzvlərindən Albert Səlimov Bakıda da rəqib tanımayıb. Dünya çempionu finalda qazaxəstanlı Berik Abdraxmanova heç bir şans verməyib – 17:5. Ümumkomanda hesabında Azərbaycan 1-ci, Rusiya 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub.