12:59 13-03-2012
news_image

Boksçularımız Litvaya yollandılar

Gənc boksçularımız Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Olimpiya çempionu Dan Poznyakın xatirəsinə həsr olunmuş yarışda mübarizə aparacaqlar. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, martın 15-də start götürəcək turnirdə 5 boksçumuz gücünü sınayacaq.

Heyətə ötən il yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı olmuş Nəsrəddin Məmmədov (56 kq), qitə çempionatının daha bir bürünc medalçısı Rahil Məmmədli (81 kq), Malik Muradov (52 kq), Abdulla Abdullayev (69 kq) və Nəbi Bağırov (75 kq) daxil ediliblər. Komanda Litvaya məşqçilər İlham Alimzanov və Vidadi Tağıyevin rəhbərliyi altında yola düşüb. Turnirə martın 18-də yekun vurulacaq.

Qeyd edək ki, gənclərin bu il əsas yarışı oktyabrda Tailandda keçiriləcək dünya birinciliyidir.