09:34 14-03-2012
news_image
867
STOLÜSTÜ OYUNLAR

Avropa çempionatını mükafatsız bitirdik

Türkiyənin Qaziantəp şəhərində keçirilən qadın şahmatçıların Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər yarışına 8 zəka sahibi ilə qatılan Azərbaycan milli komandası uğursuzluğa düçar olub.

Belə ki, şahmatçılarımızdan ən yaxşı nəticəni Zeynəb Məmmədyarova (2321) göstərib. 11 oyundan cəmi 6 xal toplayan həmyerlimiz 41-ci yeri tutub. Ondan 0,5 xal geri qalan Gülnar Məmmədova (2324) 45-ci, Türkan Məmmədyarova (2284) 56-cı, Nərgiz Umudova (2220) isə 57-cı yerdə qərarlaşıb.

Digər təmsilçilərimiz – Nərmin Kazımova (2253) 68-ci və Xəyalə Abdulla (2246) 5 xalla 70-ci, Xəyalə İsgəndərova (2203) 4,5 xalla 81-ci və Nərmin Soyunlu (1842) 3,5 xalla 98-ci olublar.

Qeyd edək ki, 103 şahmatçının mübarizə apardığı çempionatın qalibi 8,5 xal toplayan Valentina Qunina (2511, Rusiya) olub.

Avropa çempionatının iştirakçıları martın 15-16-da sürətli şahmat və növbəti 2 gündə blits üzrə ən güclünü müəyyənləşdirəcəklər.