15:55 14-03-2012
news_image
2303
DÖYÜŞ NÖVLƏRİ

“Ulduz xəstəliyi” öz sözünü dedi”

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Saypulla Absaidovun apasport.az saytına müsahibəsi

- Avropa çempionatında sərbəst güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazandılar. Bu nəticəni necə qiymətləndirirsiniz?
- Biz hələ öncədən turnirə ikinci heyətlə gedəcəyimizi bəyan etmişdik. Hətta bəzi güləşçilərimiz üçüncü heyətin üzvləri idi. Bizim üçün ən vacibi lisenziya turnirlərinə hazırlıqdır. Ona görə də yüngül çəkilərdə liderləri Serbiyanın paytaxtı Belqradda baş tutan Avropa çempionatına aparmamışdıq. Misal üçün, 66 və 96 kq çəki dərəcələrində ötən il qızıl medallara yiyələnmişdik. Əminəm ki, uğurlu çıxışımızı yenə, növbəti yarışların hamısında davam etdirəcəyik. Bizə bəzi çəkilərdə ehtiyat qüvvəni yoxlamaq lazımı idi. Ümumilikdə, komandadan tam razı qaldığımı demək olmaz. Amma nəticə nəticədir, tarixdə qalır. Əsas odur ki, biz 60 kq-da London Olimpiadasına qızıl medala real mübarizə aparacaq bir idmançı qazandıq. Bu, Toğrul Əsgərovdur.

- Avropa çempionatına yollanmazdan öncə Turalın çempion olacağını proqnozlaşdırmırdınız?
- Təbii ki, ona ümidimiz böyük idi. Onun haqda yüksək fikirdə olmaq tək mənim sözlərim deyil, Avropa çempionatına gəlmiş digər baş məşqçilər də Toğrul barədə yalnız xoş sözləri deyirdilər. İlk gündən bildirirdilər ki, Toğrul yaxşı güləşçidir. Bu isə onun Olimpiya çempionluğuna real iddia edə biləcək gücdə olması deməkdir.

- Əsgərov hələlik Olimpiadaya lisenziya qazanmayıb. Lakin siz artıq onun London-2012-də medal qazanacağını deyirsiniz...
- Toğrulun potensialına yaxşı bələdəm. Buna görə də onun Türkiyədəki dünya çempionatında belə ağılsız, uşaq səhvinə görə ilk mərhələdə uduzmasına baxmayaraq, Əsgərovu Avropa çempionatına apardıq. Ona görə etdik ki, o, özünəinam qazansın. Hiss etsin ki, liderdir, çempionluğa həmişə iddia edə bilər. Onun həm məşqlərdə, həm də yarışlarda mübarizəsini görmüşəm və potensialının böyük olduğunu deyə bilərəm. Toğrul qeyri-adi, qeyri-standart güləşir. İstedadlı oğlandır və ona kömək etmək lazımdır. Biz bunu etdik və o da Avropa çempionu olmaqla, inamımızın əbəs yerə olmadığını göstərdi.

- Bəs daha çox kimə ümid bəsləyirdiniz ki, sonda lazımı nəticəni göstərə bilmədi?
- İlk növbədə 120 kq çəkidə mübarizə aparan Camaləddin Məhəmmədovdan. Onun bolqarıstanlı güləşçiyə uduzması təsadüfi və inanılmaz idi. Fikrimcə, Məhəmmədov səhvini başa düşdü. Yaxşı ki, bu, indi baş verdi. Min dəfə deyirik ki, lazımı köklənmə olmayanda hər bir rəqiblə mübarizə aparmaq çətin olur. Bu o deməkdir ki, sən onunla döyüşə daha çox enerji sərf edirsən. Həm fiziki, həm də mənəvi planda yüklənirsən. Əgər döşəyə hazır vəziyyətdə çıxarsa, tez uğur qazana bilər. Ancaq elə şey etdi ki, biz məyus olduq.

- Amma ondan fərqli, komandamıza yeni cəlb edilən Aleksandr Qostiyev (74 kq) özünü demək olar ki, ilk görüşdəcə göstərdi...
- Aleksandr bir ilə yaxındır bizimlə məşq edir. Pis güləşçi deyil. Ancaq yüz faiz ondan razı olduğumu yeyə bilmərəm. Bizdə bu çəkidə Əşrəf Əliyev var. Yeri gəlmişkən, o da dünya çempionatında uğurlu çıxış etdi, Olimpiadaya lisenziya qazandı. Ancaq yenə də “ulduz xəstəliyi”, bunu necə istəyirsiz adlandırın, öz sözünü dedi. Nəticədə Ankaradakı Yaşar Doğu turnirində bərbad halda uduzdu. İdmançılarda belə şeylər olur.

- Siz onu cəzalandırdınız?
- Söhbət cəzadan getmir. Komandada rəqabət var, belə olan halda isə o kənarda qalır. Əşrəf elə fikirləşə bilər ki, Olimpiadaya gedir və bizim üçün üçüncü yer yetərlidir. Ancaq biz belə düşünmürük. Həmişə demişəm ki, bizi yalnız 1-ci yer maraqlandırır. Əşrəfin uduzduğu türkiyəli idmançını isə Qostiyev Avropa çempionatında uddu. Hərçənd, sonradan o da əvvəl qalib gəldiyi gürcüyə uduzdu. Ona görə də bütün komanda üzərində ciddi işləyəcəyik.

- Rəhbərlik etdiyiniz komanda 7 mümkün lisenziyadan 4-ünü qazanıb. Digər 3 çəkidə London-2012-də təmsil olunmaq çətinlik yaratmayacaq ki?
- Əlbəttə, bütün çəkilərdən lisenziya gözləyirik. Praktiki olaraq, bütün lisenziyaları dünya çempionatında götürməli idik. Ancaq bir yarışda hamısını reallaşdırmaq olmur. Kimsə zədələnə bilər və hətta lisenziya da ala bilməz. Halbuki, sən həmin idmançıdan qızıl medal gözləyirsən. Ona görə fikirləşirəm ki, apreldə Bolqarıstanda olacaq lisenziya xarakterli yarışda bütün məsələləri həll edəcəyik.

- Bəs Olimpiada üçün konkret liderləriniz varmı?
- Praktiki olaraq, demək olar ki, bunu müəyyənləşdirmişik. Ola bilər ki, 1-2 çəki ilə bağlı qərarımız dəyişsin.

- Onların adlarını açıqlaya bilərsiniz?
- Yox. Əvvəldən bu barədə danışmaq düzgün olmazdı. İndi bunu desəm, bəziləri arxayınlaşar. Deyə bilər ki, baxın, mən artıq Olimpiadaya gedirəm. Ona görə də cüzi də olsa arxayınlaşmaq olmaz. Bunun pis nəticəsini Camaləddinin döyüşündə gördük. O, yaxşı hazırlıqlı idi, özünü yaxşı hiss edirdi. Sadəcə, məşqlərə bir az barmaqarası yanaşırdı. Bu dərhal özünü göstərdi. Bundan sonra artıq daha ciddi, daha gərgin formada yarışlara hazırlaşacaq. İndi öncə əsas hədəfimiz lisenziyaların sayını artırmaq, sonra isə London Olimpiadasına köklənməkdir.