00:02 15-03-2012
news_image
1589
DÖYÜŞ NÖVLƏRİ

“Ən yaxın izləyicilərimiz bizə həsədlə baxırdılar” - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Salih Boranın apasport.az saytına müsahibəsi

- Avropa çempionatında qazanılan 2 medal yığmamızın hansı gücdə olduğundan xəbər verir?
- Çox gərgin və deyərdim ki, qızğın döyüşlər oldu. Komanda halında 1 qızıl və 1 bürünc medal qazandıq. Yığma kimi Avropa üçüncüsü olduq. Nəticəni yaxşı hesab edirəm.

- Razılaşırsınız ki, medalların sayı daha çox ola bilərdi?
- Bəli. Bəzi məsələlər var ki, onları deyə bilmərəm. Ancaq medallar çox ola bilərdi.

- Deyə bilmədiyiniz məsələlər o dərəcədə ciddidir?
- Xeyr. Bu hakimlərin bəzi səhvləridir. Həmin səhvlər olmasaydı, komandamız üçün daha yaxşı ola bilərdi. Fikirləşin, ilk gün biz 30 xal toplamışdıq. Komanda hesabında birinci yerdə idik. Ən yaxın izləyicilərimiz bizə həsədlə baxırdılar. Ancaq ikinci gün eyni uğuru davam etdirə bilmədik.

- Bəs burada hansı amil rol oynadı? Bəlkə güləşçilərimiz ya psixoloji, ya mənəvi, ya da fiziki cəhətdən ümidləri doğrultmadı?
- İdmançılarımızın çatışmayan cəhətləri var. Amma bunlara hakim səhvləri də təsir etdi.

- Sərbəst güləşlə müqayisədə yunan-Roma güləşçilərimiz London-2012-yə daha az lisenziya qazanıblar. Necə fikirləşirsiniz, dördilliyin ən möhtəşəm yarışında bütün çəkilərdə iştirak edə biləcəyikmi?
- Bəli. Hələlik Rövşən Bayramovla (55 kq) Saman Təhmasibi (84 kq) London-2012-yə lisenziya qazanıblar. Bacardıqca, lisenziyalarımızın sayını artıracağıq və Olimpiadaya tam heyətlə yollanmaq istəyirik. Lakin bu, elə də asan olmayacaq. Hazırda başdan nəsə söyləmək çox çətindir. Arzumuz 7 çəkinin hamısında lisenziya qazanmaqdır.

- Aprelin 20-21-də Sofiyada keçiriləcək lisenziya xarakterli yarış üçün heyəti müəyyənləşdirmisiniz?
- Demək olar, hə. 60 kq çəki dərəcəsində Həsən Əliyevə şans verəcəyik. O, hazırda öz çəkisində ən güclüdür. 74 kq-da Rafiq Hüseynovu güləşdirmək istəyirik. Ağır çəkilərdə gürcü Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadəyə (120 kq) şans vermək məcburiyyətindəyik. Çünki bunlarla rəqabət aparan olmadığından alternativləri yoxdur. 66 kq çəki dərəcəsində isə seçim edəcəyik. Bu, Vitali Rəhimovla Rəsul Canıyevdən biri olacaq. Bunlar hamısı birinci lisenziya yarışında iştirak edəcəklər. Yarışların təqvimi çox sıxdır. 3 turnir hərəsi bir-birindən 1 həftə sonra keçirilir.

- Bəs Bolqarıstandakı rəqibləri güləşçilərlə analiz etmisizmi?
- Deyə bilərəm ki, Türkiyədə dünya çempionatında lisenziya üçün lazım olan ilk 5 yeri elə də güclü güləşçilər tutmadılar. Əsas liderlər lisenziya qazana bilmədilər. Bunun üçün də lisenziya xarakterli hər 3 yarış çox çətin olacaq. Həmin vaxt püşkatma, idmançının durumu bir sıra vacib amillərin həllində rol oynayacaq. İlk yarışa 5 güləşçi ilə gedəcəyik. Avropa qitəsinin qatılacağı turnirdə hər çəkidə yalnız finalçılar lisenziya qazanacaqlar. Uduzan, şansını itirəcək.

- Olimpiadaya hazırlıq planı ilə bağlı nə deyə bilərsiniz?
- İnşallah, aprelin 20-də Bolqarıstandakı yarış start götürəcək. Bir həftə sonra Çində, ondan da bir həftə sonra Finlandiyadakı turnirlər olacaq. Bu yarışların nəticəsindən asılı olaraq, Olimpiadaya yollanacaq güləşçilərlə ciddi hazırlıq dövrü başlanılacaq. Ancaq indi də lisenziya qazanan idmançılarımız üçün ayrı proqramımız var. Onlar bu proqram üzrə hazırlaşırlar.

- Bilirsiniz ki, Azərbaycanın klassik güləşçiləri böyük uğura imza atıb, Olimpiya çempionu adını qazanıb. Siz də böyük bir yükün altına girmisiz. London-2012-də medal söz verirsizmi?
- İnşallah! Əsas ümidlərimiz, arzularımız yalnız Olimpiya medalları qazanmaqdır. London-2012-yə qatılacaq yığma ilə qızıl medala sahib olacağımız arzusundayıq.