11:35 26-03-2012
news_image

Güləşçilərimiz Macarıstanda 10 medal qazandılar

Macarıstanın Doroq şəhərində keçirilən yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2012-ci il üçün nəzərdə tutulan təqvim planına əsasən Azərbaycan milli komandasının üzvləri bu turnirdə iştirak ediblər.

Belə ki, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 11 idmançımız mübarizə aparıb. 16 ölkədən 170 güləşçinin mübarizə apardığı turnirdə pəhləvanlarımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal əldə ediblər.

Qızıl medalları yığmamıza Mikayıl Rəhmanov (46 kq), Elnur Həsənov (50 kq), Kərim Cəfərov (54 kq) və Ruhin Mikayılov (63 kq), gümüş medalları isə Sənan Süleymanov (42 kq), Cavid Ələkbərzadə (58 kq), Şəmistan Quluzadə (69 kq) və Elməddin Ramazanov (76 kq) qazandırıb. Elgün Hüseynov (42 kq) və Sadiq Bağırov (69 kq) bürünc medalla, Hikmət Ağayev (50 kq) isə beşinci yerlə kifayətlənib.

Komanda hesabında turniri Macarıstan birinci, Azərbaycan ikinci, Ukrayna isə üçüncü sırada tamamlayıb.

Qeyd edək ki, turnirdə uğurla çıxış edən komandamızın üzvləri aprel ayının 2-nə qədər Macarıstan yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq.