13:23 27-03-2012
news_image
1815
DÖYÜŞ NÖVLƏRİ

“Nə adam öldürmüşəm, nə də baş kəsmişəm”

Taekvondo üzrə Azərbaycan yığmasının üzvü Təvəkkül Bayramovun (+87 kq) apasport.az saytına müsahibəsi

- Milli komandamızın əsas üzvlərindən sayılsanız da, son toplanışlarda və yarışlarda iştirak etmirsiniz. Bu nə ilə bağlıdır?
- Moskvada keçirilən London Olimpiadasına son lisenziyaları verən Avropa Təsnifat Turnirində yaxşı çıxış etmədim. Bu səbəbdən də hələlik yarışlara qatılmıram. Yığmamızın bir neçə beynəlxalq turnirdə mübarizə aparmasına baxmayaraq, bir müddət sonra komandaya qoşulacam. Bu, Avropa çempionatı ərəfəsində olacaq.

- Yəni, yığmada çıxışınızı davam etdirəcəksiniz...
- Bəli. Bir az yorulmuşam. Yaş da özünü göstərir. 31 yaşım var. Bir qədər istirahətdən sonra Avropa çempionatında özümü göstərəcəyimə inanıram.

- Bəlkə sabiq komanda yoldaşınız Rəşad Əhmədov kimi, siz də yeni jiletlərlə döyüşə bilmirsiniz?
- Əksinə, yeni jiletlərlə heç bir çətinlik çəkmirəm. Özümü çox rahat hiss edirəm. Sadəcə, bir qədər istirahətə ehtiyacım var. Fikrimcə, hər şey qaydasına düşəcək.

- Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev mətbuata açıqlamasında sizlə söhbət etdiyini və gələcək karyeranızın özünüzdən asılı olduğunu bildirmişdi. Gələcək planlarınızla bağlı artıq hansısa qərarı qəbul etmisiniz?
- Hər şeyi gələcək göstərəcək. Hələ ki, döyüşəcəyəm. Məqsədim Avropa çempionatında özümü doğrultmaqdır. Amma yaşla bağlı hər şey ola bilər.

- Artıq London-2012-yə getməyəcəyiniz dəqiqdir. Siz də yaş problemini önə çəkdiniz. Bəs 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirakınız baş tuta bilər?
- Məncə, burada elə bir problem yoxdur. Özümdə güc hiss edirəm. Yəni son qərarımı hələ verməmişəm.

- Bu, London-2012 ərəfəsində reallaşsa bilərmi?
- Bəlkə də. Amma Avropa çempionatından da çox şey asılı olacaq.

- Avropa çempionatında üzərinizə ağır yük düşür. Çünki artıq qitənin ən güclüsü olmusuz...
- Bunu yaxşı dərk edirəm. Bilirəm ki, həmin uğuru növbəti dəfə də təkrarlamaq lazımdır. Lakin bütün bunlar döyüşlərdə müəyyənləşəcək. Mən də qalib gəlmək üçün səylə çalışacağam.

- Ümumiyyətlə, böyük idmanla vidalaşdıqdan sonra gələcək karyeranız barədə fikirləşmisiniz?
- Təbii ki. Mən taekvondoda uğurlara imza atmışam və gələcəyim də bu idman növünə bağlı olacaq. Məqsədim gənc nəslə bu idman növünü təbliğ etməkdir.

- Lisenziya turnirində uğursuzluqdan sonra federasiya rəsmilərinin sizinlə ciddi söhbət etdiyi və cəza kəsildiyi barədə də söz-söhbətlər dolaşır. Bu nə dərəcədə realdır?
- Mən nə adam öldürmüşəm, nə də baş kəsmişəm. Nə cəza ola bilər ki?

- Sizə hansısa irad tutulmadı?
- Bəli, bu, oldu. Hər Federasiyanın öz qanunları var.

- Siz ağır çəkidə mübarizə aparırsız. Əgər karyeranızı bitirməli olsanız, öz çəkinizdə davamçınızı görürsüzmü?
- Düzünü desəm, yaxın zamanda hələ yox.