14:38 28-03-2012
news_image

Boksçularımız Dağıstandan 3 qızıl və 6 gümüş medalla qayıdırlar

Dağıstanın İzberbaş şəhərində SSRİ İdman Ustası Abdulla İdrisovun yubileyi münasibəti ilə keçirilən boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda respublikamızın yeniyetmə və gənc idmançıları da mübarizə aparıblar.

3 boksçumuz - Pərviz Quliyev (50 kq), Elçin Rəcəbli (56 kq), və Emin Rəsulzadə (70 kq) turnirin baş mükafatına sahib olublar. Qaliblərdən 2-si həlledici döyüşdə komanda yoldaşları ilə qarşılaşıb. Quliyev Ayxan Tağızadəni, Rəsulzadə isə Roman Zakirovu məğlubiyyətə uğradıb.

Fərid Əliyev (46 kq), Elməddin İsmayılov (48 kq), Tərlan Abdulov (57 kq) və Şahin İsmayılov (60 kq) isə yalnız finalda uduzaraq, 2-ci yerlə kifayətləniblər. Şahin İsmayılov həm də “Qələbə əzminə görə” mükafatına layiq görülüb.

Qeyd edək ki, turnirin baş hakimi həmyerlimiz Nazim Mirhüseynov olub.