23:04 28-03-2012
news_image
1145
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarova texniki məğlubiyyət

Bolqarıstanın Plovdiv şəhərində kişi şahmatçılar arasında keçirilən və mükafat fondu 100 min avro olan şəxsi Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, yarışda 8-ci turun oyunları baş tutub.

Maraqlı görüşlərin biri reytinq göstəricisinə görə Azərbaycanın 2 nömrəli şahmatçısı, dünyanınsa 13 nömrəlisi olan və ötən tur çempionatda ilk qələbəsini qeyd edən Şəhriyar Məmmədyarovla gürcüstanlı Şota Azaladze arasında olub. Reytinq göstəricisinə görə, AÇ-2012-də yalnız italiyalı Fabiano Karuanadan geri qalan Şəhriyar hesabat turunda məyus olub.

Belə ki, görüşə vaxtında gəlməyən həmyerlimizə texniki məğlubiyyət verilib. Şəhriyarın ardınca isə Vüqar Rəsulov məğlubiyyətlə üzləşib. Həmyerlilərimiz arasında nisbətən yaxşı nəticəyə malik olan Vüqar rusiyalı Sergey Volkovla bacarmayıb.

Diqqət çəkən məqamlardan birisə Plovdivdə Eltac Səfərli ilə Vasif Durarbəyli arasında gerçəkləşən Azərbaycan derbisi olub. Bu görüşdə ikinci qalib gəlib. Vladimir Fedosyev (Rusiya) - Rauf Məmmədov, Marian Yurçik (Slovakiya) - Qədir Hüseynov, Şarunas Sulskis (Litva) - Orxan Abdullayev, Aleksandr Pop (Rumıniya) - Zaur Ocaqverdiyev duellərində "sülh" qeydə alanıbsa, Hamiq Quliyev Aleksandr Raxmanova (Rusiya), Cahangir Ağarəhimov Filipp Pançevskiyə (Makedoniya), Kənan İzzət Miodraq Perunoviçə (Serbiya) uduzub.

AÇ-2012-də ilk 23 yeri tutan şahmatçılar dünya kuboku yarışında oynamaq hüququ qazanmış olacaqlar. Təəssüf ki, 11 şahmatçımızdan heç biri, hətta Şəhriyar Məmmədyarov da hələlik AÇ-nin ilk "50-liy"inə belə düşə bilməyib.