23:01 29-03-2012
news_image
731
DİGƏR NÖVLƏR

Olimpiyaçılarımız iş başında

Bu gün Mingəçevir şəhərindəki "Kür” Olimpiya Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku-2012” Reqatasına start veriləcək. Apasport.az saytının xəbərinə görə, saat 12:00-da başlanacaq təntənəli açılış mərasiminə yarışda iştirak edən 5 ölkə, eləcə də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası rəsmiləri qatılacaq.

Açılış mərasimi ilə yanaşı, ilkin və yarımfinal yürüşləri keçiriləcək. Qaliblər martın 31-də və aprelin 1-də məlum olacaq. Bütün mükafatçılar nazirliklə federasiyanın diplom və medalları ilə təltif olunacaqlar.

Ardıcıl 5-ci ildir keçirilən reqatada Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyənin üst-üstə 150-dək kişi və qadın idmançısı 23 yaşadək və yuxarı, 1994–1995 və 1996–1997-ci il təvəllüdlülərdən ibarət yaş kateqoriyalarında mübarizə aparacaqlar. Ölkəmiz hər üç növ üzrə, Gürcüstan akademik avarçəkmə və kayak, Rusiya və Ukrayna akademik avarçəkmə, Türkiyə isə kayak növündə təmsil olunacaq. İştirakçı ölkələr 2012-ci il London Yay Olimpiya Oyunları ərəfəsində idmançılarını ilin ilk beynəlxalq yarışı kimi məhz Prezident Kubokunda sınaqdan çıxarmaq fikrindədirlər.

Təsadüfi deyil ki, Azərbaycandan əlavə, Rusiya və Ukrayna təmsilçiləri arasında olimpiadaya vəsiqə qazanmış avarçəkənlər də var. Rusiya və Ukrayna yığmaları qış hazırlıqlarını da Mingəçevirdə keçiblər. Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş 5 avarçəkənimiz – Valentin Demyanenko, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (kanoe), Aleksandr Aleksandrov, Nataliya Mustafayeva (akademik avarçəkmə) da Prezident Kubokunda yürüşlərə qatılacaqlar.

Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa avarlı (2X), 2 nəfərlik təkavarlı (2-), 4 nəfərlik qoşa avarlı (4X) və 4 nəfərlik təkavarlı (4-) qayıqlarla mübarizə aparacaqlar. Onlardan 1996-1997-ci il təvəllüdlülər 1500 metr, 1994-1995, 23 yaşadək və yuxarı təvəllüdlülər 2000 metr məsafəyə yürüş edəcəklər. Bu növ üzrə yarışlar Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun keçiriləcək. Hər bir idmançıya yalnız 2 növ qayıqda iştirak üçün icazə veriləcək. Kanoe və kayak qayıqlarında avarçəkənlər isə 200 metr, 500 metr, 1000 metr və 5000 metr məsafələrə yürüş edəcəklər. Kayakçılar 1 nəfərlik (K-1), 2 nəfərlik (K-2) və 4 nəfərlik (K-4), kanoeçilər isə 1 nəfərlik (C-1) və 2 nəfərlik (C-2) qayıqla mübarizə aparacaqlar. Bu növlərdə hər bir idmançıya maksimum 3 qayıqla iştirak icazəsi veriləcək. Onlar Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun yarışacaqlar.

Qeyd edək ki, Beynəlxalq Prezident Kuboku reqatası ilk dəfə 2008-ci il martın sonlarında keçirilib. Həmin yarışı izləyənlər arasında İCF-in o vaxtkı prezidenti Ulrix Feldhoff da olub. Ötən il təşkil olunmuş reqataya isə fəxri qonaqlar qismində İCF-in hazırkı prezidenti Xose Perurena Lopes və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds da qatılıb.
amaf.az