13:27 03-04-2012
news_image
1406
STOLÜSTÜ OYUNLAR

“Rəcəbovun bu yarışda çıxışı üçün xüsusi plan hazırlanacaq”

“Bu sənəd daha geniş və əhatəli sənəddir. Burada 2 aspekt nəzərdə tutulub. Bunlardan biri uzunmüddətli əməkdaşlıq strategiyasının müəyyənləşdirilməsidir. Bura FİDE ilə Prezident Kuboku, Qran-Pri kimi geniş miqyaslı turnirlərin keçirilməsi, təhsil və s. daxildir. Son illər bu istiqamətdə xeyli iş görülüb”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov 2013-cü ilin martında keçiriləcək şahmat tacına iddiaçılar turniri ilə bağlı müqavilənin imzalanma mərasimlərində deyib.

Rüstəmov bildirib ki, ikinci aspekt 2013-cü ildə baş tutacaq namizədlər turniri barədədir. Bu turnirin keçirilmə prinsipləri sənəddə əks olunub.

Onun sözlərinə görə, iddiaçılar turnirində iştirak edəcək azərbaycanlı beynəlxalq qrossmeyster Teymur Rəcəbovu dünyanın ən güclü şahmatçılarındandır: “Biz şahmat tacını Azərbaycana qaytarmaq niyyətimizdən heç vaxt əl çəkmirik. Teymur Rəcəbovun bu yarışda çıxışı üçün xüsusi plan hazırlanacaq. Bu iş Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçiriləcək. Onun iddiaçılar turnirində uğurlu çıxışı üçün hər şeyi edəcəyik”.

Gənclər və idman naziri Azad Rəhimov isə deyib ki, Rəcəbov ən istedadlı şahmatçılarımızdan biri olmaqla yanaşı, dünyanın ən güclülərindəndir: “Teymur hazırda planetin 10 ən güclü şahmatçısı arasında 5-ci pillədədir. Bu, həqiqətən də Rəcəbovun yüksək səviyyəli şahmatçı olmasını sübut edir. Bütün turnirlərdə biz ona inanırıq. Teymur iddiaçılar turnirinə də ciddi hazırlaşmalıdır. Biz də onun uğurlu çıxışı üçün əlimizdən gələni edəcəyik”.

Rəhimov ölkəmizdə şahmatın inkişafı istiqamətində görülən işlərdən də danışıb: “İlyumjinovun da qeyd etdiyi kimi, FİDE-nin 198 üzvü arasında Azərbaycan yeganə ölkədir ki, prezident İlham Əliyev tərəfindən “Şahmatın inkişafına dair Dövlət Proqramı” imzalayıb. Ölkəmizdə şahmatın inkişafı istiqamətində böyük işlər görülür. Bu imzalanma da böyük proqramın bir mərhələsidir. Nazirliklə federasiya bu layihədə vahid qurum kimi çıxış edib. Dövlət Neft Şirkəti ilə birgə çoxlu müzakirələr apardıq. Bu, birgə qərarımızdır. İnanırıq ki, belə layihələr Azərbaycanda şahmatın gələcəyi üçün böyük rol oynayacaq. Federasiya, nazirlik və Milli Olimpiya Komitəsi bir ailə kimi çalışırlar. İdmandakı nailiyyətlərimiz də birgə fəaliyyətimiz nəticəsində mümkün olub”.