14:54 03-04-2012
news_image
1991
STOLÜSTÜ OYUNLAR

Rövnəq Abdullayev: Biz SOCAR-dan çox şahmatın tanınmasına çalışırıq

“SOCAR daim idmanın inkişafında böyük tədbirlərdə iştirak edir. Biz də şahmat tacının Azərbaycana gətirilməsini istəyənlər və arzulayanlardanıq. Bu istiqamətdə əlimizdən gələn hər şeyi edəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

O, rəhbəri olduğu şirkətin 2013-cü ilin martında Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunacaq şahmat tacına iddiaçılar turnirinə sponsorluğunun əhəmiyyətindən danışıb: “Biz SOCAR-dan çox şahmatın tanınmasına çalışırıq. Amma Böyük Britaniyada şirkətimizin tanınmasında bu addımımızın böyük rolu olacaq”.

Turnirin təşkilatçısı “AGON Limited” şirkətinin rəhbəri Endryu Polson məhz London variantına üstünlük vermələrinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, əslində Azərbaycanla Ermənistan arasında seçimin edilməsi mükafat fondunun artırılması baxımından maraqlı olardı: “Bir ay öncə FİDE ilə təqvimin ilkin variantı üzərində danışıqlara başladıq və bir həftə əvvəl yekun təqvimi təqdim etdik. İlkin cavabdehliyim ondadır ki, kommersiya baxımından bu turnirlərin keçirilməsində nizam-intizam olmalıdır. Bu baxımdan, qərara gəldik ki, belə yarışlar Avropanın böyük şəhərlərində keçirilsin. Ən əsas səbəb odur ki, böyük korporasiyalar, diplomatik nümayəndəliklər nəhəng şəhərlərdə yerləşir.

Bu da strateji baxımdan əhəmiyyətlidir. Həm də regional sponsorların iştirakını təmin etmək vacibdir. Tarixi köklərə qayıtmaq da əsas məqsədimiz idi. Bundan sonra Şimali Afrika və ərəb ölkələrinə üz tutacağıq. Sonrakı mərhələlərdə tədricən digər qitələrə üz tutacağıq. Bu da bütün dünyada belə tədbirlərin təşkili baxımından çox vacibdir. Bakıda da belə tədbirlərin keçirilməsi nəzərdə tutulub və Azərbaycan da digər ölkələrdə keçirilən yarışlarda öz şahmatçılarının iştirakını təmin edir”.