15:16 03-04-2012
news_image

Azərbaycan yığmalarının heyəti açıqlandı

Aprelin 20-22-də Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində iştirak edəcək Azərbaycan milli komandalarının heyəti açıqlanıb. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, sərbəst güləş yığmamız 3 çəki dərəcəsində lisenziya uğrunda yarışacaq. Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Xetaq Qazyumov (96 kq, Aslanbek Alborov (ehtiyat)) ilk lisenziya turnirinə yollanacaq idmançılardır.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız digər 4 çəkidə (Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq)) Olimpiadaya vəsiqəni artıq təmin edib.

Yunan-roma güləşçiləri məşqçilər Salih Bora və Mutaalib Yerlikayanın rəhbərliyi altında 5 çəki dərəcəsində Olimpiya lisenziyası hədəfləyib. Həsən Əliyev (60 kq, Kamran Məmmədov (ehtiyat)), Vitali Rəhimov (66 kq, Rüstəm Əliyev (ehtiyat)), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq, Maksim Proxorov (ehtiyat)) Bolqarıstana yollanacaq heyətdə yer alıb. Yunan-Roma yığmamız ötən ilki dünya çempionatında, 2 çəkidə (Rövşən Bayramov (55 kq), Saman Təhmasibi (84 kq)) Olimpiya lisenziyası qazanıb.

Qadın güləşçilər Olimpiya Oyunlarında 4 çəki dərəcəsində mübarizə aparır. Yığma komandamızın hesabında 1 lisenziya (Mariya Stadnik (48 kq)) artıq var. Bolqarıstanda keçiriləcək turnirdə yığmamız baş məşqçi əvəzi Maqomed Aliomarov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında Yuliya Ratkeviç (55 kq), İrina Netreba (63 kq, Nadya Sementsova (ehtiyat)) və Dina İvanova (72 kq) ilə təmsil olunacaq.

Qeyd edək ki, Güləş Federasiyasının baş katibi, olimpiya kateqoriyalı referi Əjdər Cəfərov Sofiyada təşkil olunacaq ilk lisenziya turnirində ölkəmizi hakim kimi təmsil edəcək. Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 güləşçi (finalçılar) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.