11:08 04-04-2012
news_image
862
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuz daha 2 rəqibinə yerini göstərdi

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycanın güllə və stend atıcıları üçün uğurlu olmayıb.

Belə ki, aparıcı güllə atıcılarımızdan Ruslan Lunyov və İradə Aşumova mövqelərini itiriblər. Onlar 10 metr məsafəyə atəş açmaqda müvafiq olaraq, 7 və 4 pillə geriləyərək 64-cü və 57-ci yerə eniblər. Olimpiya Oyunlarının bürünc mükafatçısı Aşumova 25 metr məsafəyə atəş açmaqda da 6 rəqibini özündən irəli buraxıb. O, hazırda 45-cidir. Lakin bu snayperlərlə müqayisədə Nigar Bağırova mövqeyini yaxşılaşdırıb. O, 10 metr məsafəyə atəş açmaqda 3, 25 metr məsafəyə atəş açmaqda 7 pillə irəliləyib – 69 və 100-cü yer.

Stend atıcılarımızdan Zemfira Meftahətdinova da irəliləyib. Son Dünya Kubokunda 8-ci olan həmyerlimiz 2 rəqibini arxada qoymaqla, 12-ci yerə yüksəlib. Onun komanda yoldaşı Nurlana Cəfərova isə idmançılarımız arasında “rekord” vurub. Həmyerlimiz birdən-birə 16 pillə aşağı düşərək, 51-ci yerdə qərar tutub.

Kişilərin mübarizəsində Emin Cəfərov da 4 rəqibini özündən qabağa buraxıb. Nəticədə təmsilçimiz yeni siyahıda 44-cü pilləyə enib.