09:14 05-04-2012
news_image

Avropa çempionumuz Anapa turnirinə qələbə ilə başladı

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi boks turniri keçirilir. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu dəfəki yarışda Rusiya, Kuba, Monqolustan, İrlandiya, Serbiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Moldova və digər ölkələrin 132 idmançısı mübarizə aparır.

Anapaya geniş tərkibli heyətlə yollanan gənclərdən ibarət milli komandamız əksər çəki dərəcələrində 2 boksçu ilə təmsil olunur. Yarışın ilk günündə rinqə çıxan həmyerlilərimizdən gənclər arasında Avropa çempionu Pərviz Bağırov (64 kq) qazaxıstanlı Alibek Adieti 10:3 hesabı ilə məğlub edib. Boksçumuz ötən ay Bakıda keçirilmiş “Böyük İpək Yolu” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

69 kq çəki dərəcəsində yarışan Abdulla Abdullayev Qazaxıstanın digər nümayəndəsi Aytjan Şleyevi üstələyib – 9:5. Natiq Kazımov da ilk döyüşünü qələbə ilə başa vurub. Ən yüngül çəki dərəcəsində yarışan idmançımız qazaxıstanlı Anuar Batıxanovu 10:7 hesabı ilə məğlub edib. Malik Muradov (52 kq) Rusiya boksçusu Aydar Netoleyevlə bacarmayıb – 6:14. İlkin mərhələdə mübarizəni dayandıran digər həmyerlilərimizin də qarşısını Rusiya yığmasının üzvü kəsib. Alim Abbasov (56 kq) Məhəmməd-Rəşid Cəbrayılova 3:9 hesabı ilə uduzub. 60 kq çəki dərəcəsində mübarizə aparan Şahmar Əliyev isə Özbəkistan təmsilçisi Elnur Abdurraimova yenilib.

Qeyd edək ki, Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş yarışa aprelin 7-də yekun vurulacaq.