12:27 05-04-2012
news_image

Sərdar Həsənov Avropa çempionatına aparılmadı

Türkiyənin Antalyada şəhərində keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatına yollanacaq Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, millimizin liderlərindən hesab olunan Sərdar Həsənov (69 kq) son anda heyətdən çıxarılıb.

Nəticədə yarışda komandamız 4 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq. Onlara qitənin ən möhtəşəm yarışında məşqçilər Nizami Paşayev, Zlatan Vasilyev və Maxsum Xasanov rəhbərlik edəcəklər.

Xatırladaq ki, Avropa çempionatı kişilərlə müqayisədə qadın atletlər üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yarış onlar üçün London-2012-yə lisenziya xarakteri daşıyır. Qitə birinciliyində uğurla çıxış edəcəkləri halda, Azərbaycan qadın atletlərinin bir Olimpiya lisenziyası qazanmaq imkanı olacaq.

Qadınların yarışında körpücük üzərinə Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Alyona Kiriyenko (69 kq) və Yuliya Dovqal (+75) çıxacaqlar. Kişi idmançıların yarışında isə Valentin Xristov (56 kq), Əfqan Bayramov (69 kq), Namiq Cəlilov (85 kq) və İntiqam Zairov (94 kq) qüvvələrini sınayacaqlar.
Avropa çempionatında Azərbaycanı hakim kimi Vahid Nəzərov təmsil edəcək.