17:51 06-04-2012
news_image
805
DİGƏR NÖVLƏR

“London Olimpiadasına Mingəçevirdə hazırlaşmağı məqsədəuyğun saydıq” - MÜSAHİBƏ

Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində təlim-məşq toplantısında olan Ukraynanın akademik avarçəkmə üzrə milli komandasının böyük məşqçisi Vladimir Morozov Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis artıq ikinci ildir ölkəmizdə hazırlıq keçdiklərini və buradakı şəraitdən razı qaldıqlarını bildirib.

- “Kür” Olimpiya Mərkəzindəki şəraiti necə dəyərləndirirsiniz?
- Artıq ikinci ildir ki, “Kür” Olimpiya Mərkəzinə gəlirik. Mingəçevirdə hələ SSRİ dövründən mövcud olan bazanın yenidən qurulduğunu eşidən kimi yığma komandanı bura gətirməyi qərara aldıq. Vaxtilə özüm də bu bazada çalışmışam. SSRİ dövrü ilə müqayisədə idman qurğusundakı şərait xeyli yaxşılaşıb. Bura çox xoşumuza gəldi.

- Hazırlıq prosesindən nə dərəcədə razısınız?
- Hazırlıq prosesi müddətində planlaşdırdığımız hər şeyi etdik. Əvvəllər qış hazırlığını Misirin paytaxtı Qahirədə keçirirdik. Lakin hazırda oradakı vəziyyət hamımıza məlumdur. Digər tərəfdən, “Kür” Olimpiya Mərkəzi artıq bütün tələblərə cavab verir. Ona görə də 2012-ci il London Yay Olimpiya Oyunlarına bu bazada hazırlaşmağı məqsədəuyğun saydıq.

- Demək, heyətinizdə olimpiadaya lisenziya qazanmış avarçəkənlər də var...
- Bura olimpiadaya lisenziya qazanmış 3 ekipaj gətirmişik. Heyətimizdə 4 dünya çempionu, eləcə də Avropa çempionları var.

- Təlim-məşq toplantısı çərçivəsində Beynəlxalq “Prezident Kuboku-2012” Reqatasında da iştirak etdiniz. Yarışın səviyyəsindən və göstərdiyiniz nəticələrdən razısınız?
- Bəli. Bu, bizim üçün sınaq xarakterli yarış idi. İdmançılarımız səylə çalışdılar. Bu reqata ənənəvidir, get-gedə nüfuzunu artırır. Sonuncusuna 5 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Rusiyanın güclü avarçəkənləri gəlmişdilər. Bir sözlə, reqatanı bəyəndik.

- Hələ SSRİ dövründə də Mingəçevirdə olduğunuzu dediniz. Şəhər xoşunuza gəlir?
- Mingəçevirdə xeyli abadlıq işləri görülüb. Çoxlu qonaqpərvər insanları var. Bizə hörmətlə yanaşır, sevirlər. Biz də bu xalqı sevirik. Yenə Mingəçevirə gələcəyik.