09:31 07-04-2012
news_image

Anapada 2 boksçumuz finala yüksəldi

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş sayca 5-ci dəfə keçirilən beynəlxalq turnirdə finalçılar məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, gənclər arasında təşkil olunan yarışda 2 boksçumuz finala vəsiqə qazanıb.

81 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Rauf Rəhimov finala yüksələnlər sırasındadır. Həmyerlimiz əvvəlcə Ukraynanı təmsil edən Dilmurad Satıbaldiyevi 13:5 hesabı ilə məğlub edib. Yarımfinalda isə İrlandiya təmsilçisi Jon Joy Makdonah Rəhimovun zərbələri qarşısında aciz qalıb – 12:4. Millimizin üzvü finalda qazaxıstanlı Denislam Abdeşevlə üz-üzə gələcək.

75 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı da finalda iştirak etmək hüququ qazanıb. Moldovalı Yevgeni Şevçenkonu 17:2 hesabı ilə məğlub edən boksçumuz, yarımfinalda Rusiya nümayəndəsi Məhəmməd Madiyev üzərində qələbə qazanıb – 9:7. Orxan həlledici görüşdə Qazaxıstan idmançısı Daulet Bayqabatovla qarşılaşacaq.

49 kq çəki dərəcəsində mübarizə aparan Ceyhin İbrahimli isə Anapada bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda yerli idmançı Yusup Qazzayevə uduzub. Yığmamızın heyətində Pərviz Bağırov da (64 kq) qələbəyə namizədlərdən hesab olunurdu. İlk görüşdə qalib gələn həmyerlimiz ikinci döyüşdə kubalı Kevin Brovna 7:8 hesabı ilə uduzaraq, mükafatsız qalıb.

Qeyd edək ki, Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş yarışda final görüşləri bu gün baş tutacaq.