10:58 07-04-2012
news_image
1800
STOLÜSTÜ OYUNLAR

“Kompromis tapmaq bacarığı gücün əlamətidir!” - MÜSAHİBƏ

Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, AŞF rəsmisi müsahibəsində təmsil etdiyi qurumla Beynəlxalq Şahmat Federasiyası (FİDE) və 2013-cü ilin martında Londonda şahmat tacı uğrunda iddiaçıların turnirinin sponsorluğu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Aqon” şirkəti arasında bağlanan 2 sazişə münasibət bildirib. O, həmçinin iddiaçıların turnirinin vaxtının dəyişməsi, bu yarışın yüksək səviyyədə keçməsi üçün görülən və görüləcək işlər barədə danışıb.

- “Aqon”un dünya birinciliyinin təşkil olunması ilə məşğul olması iddiaçılar turnirinin isə Londonda keçirilməsi hələ fevralda məlum olmuşdu. Bu xeyli uzanan proses məntiqi sonluğuna çatdığından razısızmı?
- Belə deyərdim ki, prosesin birinci mərhələsi məntiqi sonluğuna çatıb. Sənədlər imzalanıb və hamı mərasimin səviyyəsindən tam razı qalıb. İndi yeni əsas mərhələ başlayır – konkret iş! Bizim işçi qruplarımız tez-tez görüşlər keçirib, imzalanan müqavilələrin hər 2 tərəfin öhdəlikləri yerinə yetirilməsinə diqqətlə nəzarət edəcəklər.

- Biz sizinlə 1 ay öncə söhbət edəndə “Aqon”un rəhbəri Endryu Polsonun kimliyi barədə dəqiq təsəvvürünüz yox idi ki, o necə adamdır, işçi keyfiyyətləri necədir və onunla əməkdaşlıq etmək xoşdur, yoxsa yox. İndi sizdə hansısa fikir formalaşıbmı?
- Bəli, formalaşıb və bu fikir müsbətdir. Mən heç özüm də gözləmirdim ki, o bu qədər müsbət olacaq. Polson son dərəcə maraqlı və fəal insandır. Onda məqsədyönlük hiss olunur. Bununla belə Endryu çox hazırcavab adamdır. O, itibucaqları düzəltməyi və xoş həmsöhbət olmağı bacarır. Məni onun uzun müddət Rusiyada yaşaması, Türkiyədə də çoxlu dostlarının olması sevindirdi. Bu, bizim ölkə ilə tarixi yaxınlığımızı nəzərə alaraq, sevindirməyə bilməz. Görünür ki, o şahmata səmimi qəlbdən can yandırır. Lakin Polsonun mətbuat konfransında suallara ingilis dilində cavab verməsi məni təəccübləndirdi. Amma biz bilirik ki, o, rus dilində də kifayət qədər normal danışır.

- Endryunu biznesmen kimi necə qiymətləndirirsiz?
- Bilirsiz, hiss edirəm ki, şahmat dünyası ona çox ehtiyatla yanaşır. Görünür ki, bu və ya digər dərəcədə hamının məqsədi eynidir: Endryu Polsonu ifşa etmək! Bir növ “biz sənin iç üzünü görürük, demək olar ki, sənin kim olduğunu artıq bilirik”.... Mənə elə gəlir ki, onun necə insan olduğunu nəyə olmaq istədiyini və şahmat dünyasına nə vermək istədiyini bilmədən, ona qarşı hansısa böhtanlar atmaq tezdir. Adama gərək işləməyə imkan verəsən. Polson özünü heç bir mənfi cəhətdən göstərməyib: nə keçmiş layihələrdə, nə də şahmatda. Bizimlə danışıqlar zamanı onun tərəfindən yalnız konstruktiv və işə normal, bəzən sərt, amma məntiqi yanaşma görmüşük. Axı biz də danışıqlar aparan zaman ideal deyildik. Lakin nəticə qazanmaq istərsənsə qarşıdakını da başa düşmək və kompromis üçün lazımı mövqe axtarmaq lazımdır. Biz “Aqon”la müqavilənin üzərində işlədiyimiz son ayda da bununla məşğul idik. Mən Endryuya zamin dura bilmərəm – hər şey ola bilər, lakin birgə iş zamanı onun hamıdan çox gizli saxladığı başqa niyyətini mən hiss etmədim. Fikrimcə, Polson tam səmimi idi.

- Hazırda hamını ən çox iddiaçılar turnirinin 2012-ci ilin oktyabr-noyabr ayından 2013-cü ilin martına keçirilməsi düşündürür. Burada hansısa bir xoş iradə, digər təşkilatçıların vəziyyətini başa düşmək istəyi, yaxud nəsə başqa bir səbəb özünü göstərdi?
- Bu sualda siz özünüz cavabı söylədiniz: Polsen necə biznesmendir! O, biz, şahmatda çoxdan olan insanlar istifadə etdiyi kateqoriyalarla düşünür. Endryu FİDE-yə dərhal böyük təşkilatçıları və aparıcı şahmatçıların müəyyən hissəsini pərişan edən adam kimi daxil olmaq istəmirdi. Biz yaranan problemi müzakirə edəndə Polson bizə çox həyəcanla “Böyük Dəbilqə” turnirinin təşkilatçıları ilə kompromis tapmaq cəhdlərindən danışırdı.

- Sizin bu turnirin təşkilatçıları kimi reaksiyanız necə idi? Əvvəl sizi Bakıda yarışı keçirmək hüququndan məhrum etdilər, indi isə onun vaxtını da dəyişdilər...
- Deyərdim ki, bizim prinsipial etirazımız yox idi. Burda biz deyə bilərdik ki, oktyabra köklənirdik, 2012-ci il Azərbaycanda “İdman ili” elan olunub, turnirin vaxtının dəyişdirilməsi konsepsiyamıza ziddir və s. Biz bunu etmədik. Martdırsa, qoy mart olsun. Elə hesab edəcəyik ki, Azərbaycanda hər il “İdman ili”dir. İdman bizim həyatımızın mühüm tərkib hissəsidir. Şahmatçıların etirazı yoxdursa və bu tarixlər hamı üçün ən sərfəlidirsə biz güzəştə getməyə hazırıq. Fikrimcə, kompromis tapmaq bacarığı gücün əlamətidir!

- Bəli, burada son illər sırf güc mövqeyindən çıxış edən FİDE-nin mövqeyinə heç bir oxşarlıq yoxdur: onlar hansısa qərarı qəbul ediblərsə, bunu kiminsə maraqlarına toxunmasının onlar üçün heç bir fərqi yoxdur. Yanaşma tam başqadır!
- Lakin o, sizin xoşunuza gəlir?

- Şübhəsiz. Federasiya özünü təsdiq etməli yox, məsələləri həll etməlidir...
- Gəlin bir-birimizdə nöqsanlar axtarmayaq. Onu fikirləşək ki, gələcəkdə necə lazımsız münaqişələrdən qaçmaq olar. Onların sayı bizdə lap çox idi. Fikrimcə, problem ondadır ki, bir çox şahmatçılara lövhə arxasında oturmayıb, hansısa “məmur işi” ilə məşğul olan adam pis təsir bağışlayır. Bu mən də oxuduğum bloqlardan, forumdan görünür. Lakin... bu axı düz deyil! Gündəlik və bəzən darıxdırıcı işlə məşğul olan bu adamlar olmasa idi, yarışlar haradan əmələ gələrdi? Bəs pullar? Şahmatda onlar onsuz da azdır, bu adamlar da olmasa idi, onlar ümumiyyətlə olmazdılar. Biz bu insanları qorumalıyıq.