23:03 10-04-2012
news_image
2292
DÖYÜŞ NÖVLƏRİ

“Elə düşünürlər ki, xalq düşməni olacaqlar”

Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurovun apasport.az saytına müsahibəsi

- Yığmanın baş məşqçi postundan istefa verdikdən sonra federasiyada vitse-prezident vəzifəsində çalışırsınız. İşləriniz necə gedir?
- Mən gənc pəhləvanlara nəzarət edir, onların inkişafına diqqət ayırıram. Hər şey yaxşıdır, normal gedir.

- Əsas yığmadan ayrılsanız da, böyükləri də daim diqqətdə saxlayırsız. Qarşıda isə onları lisenziya xarakterli 3 turnir gözləyir. Bu yarışlarda əsas ümid kimədir?
- İndidən deyə bilərəm ki, həmin yarışlar çətin keçəcək. Fikrimcə, ən azından Həsən Əliyev (60), Vitali Rəhimov (66 kq) və Şalva Qadabadze (96 kq) Londona bilet sifariş verə biləcəklər.

- Siz baş məşqçi olanda dünya çempionatında 2 güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazandı. Necə fikirləşirsiz, London-2012-yə yunan-Roma güləşində tam heyətlə yollana bilərik?
- Niyə də yox? Tam heyət olmalıdır. Məncə, bundan sonra minimum 3, təbii ki, maksimum 5 lisenziya qazanacağıq.

- Sərbəst güləşlə müqayisədə yunan-Roma güləşçilərimizin az lisenziya qazanmasında özünüzü günahkar sayırsızmı? Çünki onların 5 lisenziya qazandıqları dünya çempionatında siz 2 çəki dərəcəsində London-2012-yə vəsiqə qazandınız...
- Həmişə dünya çempionatları çətin olur. O ki qaldı, lisenziya xarakterli mundillara – bu, daha gərgin keçir. Bu dəfə də istisna olmadı. Bütün ölkələr yarışa 1 nömrələrini gətirmişdilər. Bundan əlavə, Pekin Olimpiadası ərəfəsində 1-8-ci yerlər lisenziya verirdisə, bu dəfə 1-6-cı pillələrə vəsiqə düşürdü. Yadımdadır, 2008-ci il Olimpiadasından öncə olan dünya çempionatında yalnız mən güləşçi kimi bu uğura imza atmışdım.

- Artıq 1 ildən çoxdur yığmadan ayrılmız və kifayət qədər baş verənləri analiz etməyə vaxtınız olub. Sizə elə gəlmir ki, əsas komandaya çox tez baş məşqçilik etməyə başlamışdınız?
- Xeyr.

- Belə olan halda, hansı səbəblər sizi istefa verməyə sövq etdi?
- Bilirsiz, komandada canını qoyursan, lazımı nəticə olmayanda – elə bil əsgərlər səni pis vəziyyətdə qoyur. Həm də hər zaman yüksəliş olmur. Bu idmandır, dünya çempionatından öncə 5 medal qazanmışdıq.

- Həmin vaxt yığmanın heyətində sizinlə çiyin-çiyinə döyüşən güləşçilər yer alırdı. Ola bilərdimi, kimsə qəsdən uduzsun?
- Xeyr, bundan söhbət gedə bilməz.

- Federasiya rəsmisi və bir mütəxəssis kimi, sərbəst və qadın güləşi üzrə yığmalarımızın London-2012-yə tam heyətlə yollanmasını mümkün sayırsızmı?
- Təbii ki. Bütün yığmalarımızın əsas məqsədi budur.

- Ümumilikdə, Azərbaycan milli komandasının Londonda rekord sayda idmançı ilə iştirakını gözləyirsizmi?
- Şəxsi fikrim belədir ki, Pekin Olimpiadası ilə müqayisədə Londona daha çox idmançı ilə yollanacağıq. Burada nəticəmizin də əla olacağına ümidim böyükdür.

- Gənclər və İdman Nazirliyində “İdman ili” ilə bağlı keçirilən tədbirdə maraqlı təklif irəli sürdünüz. Bildirdiniz ki, London-2012-də Olimpiya bayrağını karyeralarını başa vurmuş çempionlarımız daşısa, daha yaxşı olar. Çünki bu, Olimpiada vaxtı ilə sizdə ciddi problemlər yaratmışdı. Sizcə, Londonda sizin təklifinizlə ilkə imza atmaq mümkündür?
- Mən fikrimi başıma gələn hadisə ilə izah etdim. 2008-ci ildə Pekin Olimpiadasında ölkəmizin bayraqdarı mən idim və bir neçə saat davam edən paradın sonunda soyuqladım. Nəticədə həmin axşam hərarətim qalxdı. Bu, mənim həmin möhtəşəm yarışda uğursuz çıxışıma birbaşa mənfi təsir göstərdi. Bəli, ona görə də Londondakı yarışda hansısa idmançımızın yox, karyerasını artıq bitirmiş Olimpiya çempionumuzu bayrağı daşıması təklifini irəli sürdüm. Eyni zamanda bayraqdar kimi Azərbaycan bayrağını Olimpiadada aparmaq hər bir idmançı üçün çox böyük şərəf və məsuliyyət olduğunu da dedim. Bunu isə Azərbaycan himnini səsləndirməklə bitirdikdə lap əla olur. Bunun üçün bu təklifi verdim. Bəzən aparıcı idmançılarla da söhbət zamanı bu barədə danışırıq. Onların da çoxu mənim fikirlərimlə razıdır. Lakin bəziləri isə elə düşünürlər ki, onlar “daşımıram” desələr, xalq düşməni olacaqlar. Lakin Londonda hələlik bu vəzifəni kim yerinə yetirəcəyi barədə dəqiq məlumatım yoxdur.

- Bu vəzifə siz tapşırılsa yerinə yetirərsizmi?
- Böyük məmnuniyyətlə.

- Əgər Olimpiya çempionları arasında belə seçim etmək lazım gələrsə və səs verməklə keçirilərsə, Fərid kimi istəyər?
- Mən bu təklifi verəndə heç də özümü nəzərdə tutmamışam. Bu zaman əsas məqsədim yaşlı Olimpiya çempionları olub. Məsələn, Rəfiqə Şabanova, Lyudmila Şubuna. Çünki onlar müəyyən müddət öncə çempion olublar. Növbəti dəfə isə bayraqdar vəzifəsini yerinə yetirərlərsə, haradasa sevincləri çox böyük olar.