15:10 14-04-2012
news_image
759
DİGƏR NÖVLƏR

Azərbaycanın birinci xanımı Moskvada “Bakı-2020” layihəsini təqdim edib

Milli Olimpiya Komitələri Assosiasiyasının Moskvada keçirilən Baş Assambleyasında iştirak edən “Bakı-2020” nümayəndə heyəti dünya Olimpiya ictimaiyyətinə Olimpiya və Paralimpiya Oyunlarına yeni davamlı ev sahibliyi modelini təqdim edib. Apasport.az saytının xəbərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvadakı Dünya Ticarət Mərkəzində 1000 nəfərin iştirakı ilə keçirilən assambleyada çıxış edib.

M. Əliyeva bildirib ki, Azərbaycan “Bakı-2020” layihəsi ilə bütün dünyaya Olimpiya və Paralimpiya dəyərlərinə söykənən nümunəvi və məsuliyyətli Olimpiya Oyunları keçirmək iqtidarında olduğunu nümayiş etdirmək istəyir: “Biz mükəmməllik, dostluq və ədalətli oyun kimi Olimpiya ideallarının tətbiqi ilə xalqımızın və ölkəmizin davam edən sosial inkişafına yeni təkan vermək istəyirik. Bakı qədim və müasir arxitektura, zəngin mədəni və tarixi irsə malik çox dinamik, müasir və sağlam həyat tərzi ilə seçilən şəhərdir. Adi yay günlərində hər kəs Xəzər dənizinin xoş çimərliklərində istirahət edə bilər, dənizkənarı parkda gəzintiyə çıxar və ya şəhərin yeni müasir idman komplekslərində bir çox idman növləri ilə məşğul ola bilər”.

M. Əliyeva Azərbaycan hökumətinin Olimpiya Oyunlarını keçirmək üçün lazımi siyasi və maliyyə resurslarını cəlb etməsinin vacibliyini vurğulayıb: “Sizi əmin edirəm ki, biz buna tam hazırıq. Mən sizə Azərbaycan prezidenti və bütövlükdə ölkəmiz adından zəmanət verirəm ki, Bakı Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfinə layiq görülsə, biz hər kəsin gözlədiyindən daha yüksək səviyyəli oyunlar keçirəcəyik. Ölkəmizin və paytaxtımızın qədim rəmzi olan Bakının əbədi məşəli sülh və dostluq rəmzi olan Olimpiya məşəlini qəbul etsə, bizim bütün xalqımızın yeni bir arzusu həyata keçmiş olacaq. Hamınızı bizim bu arzumuza şərik olmağa dəvət edirəm”.

Təqdimat zamanı çıxış edən “Bakı-2020” nümayəndə heyətinin üzvü Nərgiz Birk-Petersen tədbir iştirakçılarını özlərini xəyalən Bakıda, dünyaya yeni açılan bir ölkənin paytaxtında təsəvvür etməyə çağırıb: “Olimpiya Oyunları vasitəsilə bütün dünya bəşərin qədim və eyni zamanda müasir və dinamik mədəniyyətini qlobal idman bayramı formatında tanımış olacaq”.

Nərgiz Birk-Petersen Bakının təqdim etdiyi yeni Olimpiya Oyunları modelinin önəminə toxunub: “Biz sübut etmək istəyirik ki, Olimpiya Oyunları xalqın idman potensialı və sağlamlığına qoyulan böyük sərmayə olmaqla yanaşı, eyni zamanda, beynəlxalq Olimpiya ictimaiyyəti üçün səmərəli təşkil edilmiş davamlı oyun modeli ola bilər. Dünyanın bir çox ölkələrində tərəqqi baş verir. Olimpiya Oyunlarının əsaslandığı və bizim də bölüşdüyümüz mühüm dəyərlər vasitəsilə biz sosial inkişafı daha da sürətləndirmiş olarıq. Digər ev sahibi şəhərlərin təcrübəsində biz Olimpiya Oyunlarının nə dərəcədə müsbət dəyişikliyə səbəb ola biləcəyini bilirik. Elə bu səbəbdən bu gün biz öz gələcək inkişafımızı Olimpiya Hərəkatı ilə birgə görmək istəyirik”.

“Bakı-2020” nümayəndə heyətinin digər üzvü Elxan Məmmədov isə təqdimat zamanı Bakının üstünlüklərindən danışıb: “Bakı idman üçün ideal iqlimə, gözəl dəniz sahilinə və zəngin tarixə malikdir. Dünya ölkələrinin maliyyə çətinlikləri yaşadığı bir dövrdə biz dünyanın ən sürətlə inkişaf edən güclü iqtisadiyyatına malik olduğumuzu bildiririk. Bakının namizədliyinin ciddi müsbət tərəflərini görməmək mümkün deyil. Olimpiya Oyunlarından sonra Azərbaycan idmançılarına qalacaq miras isə növbəti nəsillər üçün əvəzsiz töhfə olacaq”.

Olimpiya Oyunları veteranı olan Bob Elfinston tədbirdə “Bakı-2020”nin texniki video-çarxını təqdim edib və bundan şərəf duyduğunu bildirib.