14:26 15-04-2012
news_image

Boksçularımızın rəqibləri bəlli oldu

Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat yarışlarının püşkü atılıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz Salman Əlizadə ilk görüşünü Almaniyanı təmsil edən Hamza Toubaya qarşı keçirəcək. Boksçumuz qalib gəlsə, 14 finalda Ferhat Pehlevan (Türkiyə) – Denis Şkarubo (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

Məhəmməd Abdulhəmidov (56 kq) ilk qarşılaşmada Kristian Naqi ilə (Macarıstan) üz-üzə gələcək. Millimizin üzvü növbəti mərhələyə yüksəlsə, Mixal Zatorski (Slovakiya) – Denis Makarov (Almaniya) cütünün qalibi ilə döyüşəcək. Makarov 2010-cu ildə Moskvada keçirilmiş Avropa çempionatının qızıl medalçısı olub.

Ən çətin püşk 60 kq-da yarışacaq Elvin İsayevə düşüb. Boksçumuz birinci mərhələdə Aleksandru Çuçiureanunu (Rumıniya) məğlub etsə, ikinci döyüşdə türkiyəli Fatih Keleşlə qarşılaşa bilər. Keleş Ankaradakı Avropa çempionatında da İsayevlə döyüşmüş və hakimlərin köməyi ilə bir xal fərqlə qalib gəlmişdi. 3-cü mərhələdə isə həmyerlimizin potensial rəqibi dünya və Avropa çempionu Albert Səlimovdur.

Tamerlan Abdullayev (69 kq) ilk qarşılaşmada bolqarıstanlı Simieon Çhamovla münasibətlərini aydınlaşdıracaq. O, qələbə qazansa, 14 finalda Tomaş Kot (Polşa) – Adam Nolan (İrlandiya) cütünün qalibi ilə döyüşəcək.

81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli ilk qarşılaşmada ispaniyalı Abner Loverasla üz-üzə gələcək. 1/4 finalda isə həmyerlimizin rəqibi erməni Artur Xaçatryan ola bilər. Bunun üçün Xaçatryan Mateuş Triçi (Polşa) üstələməlidir.

Qeyd edək ki, boksçularımızdan ilk olaraq rinqə aprelin 15-də Elvin İsayev və Vətən Hüseynli çıxacaq. Millimizin hər iki üzvü Bakı vaxtı ilə saat 21-dən sonra döyüşəcək.