23:01 16-04-2012
news_image

Daha bir qələbə

Trabzonda keçirilən Avropa Olimpiya lisenziya turnirində daha bir boksçumuz qələbə qazanıb. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytının xəbərinə görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev ilk döyüşdə Bolqarıstan nümayəndəsi Simeon Çxamovu məğlub edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci raundu 4:4 hesabı ilə başa çatıb. İkinci hissədə üstünlüyü ələ alan həmyerlimiz 2 xal fərqlə önə keçib. Ancaq 3-cü raundda hakim Abdullayevə xəbərdarlıq edib və nəticədə rəqibə 2 xal verilib. Amma son nəticə millimizin üzvü üçün uğurlu olub.

Döyüş 12:12 hesabıyla başa çatsa da, qələbə Abdullayevə verilib. Boksçumuz 1/4 finalda irlandiyalı Adam Nolanla üz-üzə gələcək. 69 kq çəki dərəcəsində Olimpiadaya vəsiqə qazanmaq üçün mütləq finala yüksəlmək gərəkdir.

Bakı vaxtı ilə saat 22.00-da Vətən Hüseynli rinqə çıxacaq. Onun rəqibi Polşa təmsilçisi Mateuş Trık olacaq.

Xatırladaq ki, Vətən ilk görüşdə ispaniyalı Abner Lyoverası məğlub etmişdi.