15:34 17-04-2012
news_image
2693
DİGƏR NÖVLƏR

Karina Aznavuryan: İndi də Bakıya qayıdardım

“Bakıda çox güclü qılıncoynatma məktəbi var. Çox düzgün taktika müəyyənləşdiriblər. Bizi oyunlarla cəlb edirdilər. 1 il estafet keçdik, üzməyi, körpü vəziyyətində dayanmağı öyrəndik və bundan sonra əlimizə rapira verdilər. Qrupda 60 adamdan yalnız mən qaldım”. Apasport.az saytının məlumatına görə, bunu qılıncoynatma üzrə Rusiya millisi ilə böyük uğurlara imza atan Karina Aznavuryan deyib.

Bakıda anadan olan olimpiya çempionunun valideynlərindən biri azərbaycanlı, digər ermənidir. Paytaxtımızda 10 yaşından qılıncoynatma ilə məşğul olan Karina Rusiya mətbuatına verdiyi müsahibəsində ölkəmizdə keçən uşaqlığını yada salıb: “Bakı beynəlmiləl şəhərdir. Biz həmişə rusca danışırdıq və heç vaxt millətləri fərqləndirmirdik. Ancaq oradan köçməyə məcbur olduq. Çünki ermənilər azərbaycanlılarla döyüşürdülər”.

Bakıdan sonra Moskvaya köçən Aznavuryanın geriyə qayıtmağa yeri olmayıb. Çünki onun atası bacıları ilə Ermənistana köçüb: “Müəlliməmin qohumlarının mehmanxanasında gecələyirdim. Bu, qaçqınların məkanı idi. Bir otaqda 7 nəfər yaşayırdı. Biz hətta mərtəbəyə çarpayı qoyub, orada yatırdıq. Gecələr orada siçanlar qaçırdı”.

Sidney və Afina Olimpiya Oyunlarının qalibi olan 38 yaşlı idmançı bildirib ki, qohumlarının yaşadığı Parisə deyil, Bakıya qayıtmaq arzusundadır: “Bakını həmişə xoş xatirələrlə yada salıram. Müasir texnologiyanın və internetin hesabına oradakı dostlarımı tapa bildim. Adama elə gəlirdi ki, onlarla əlaqəm həmişəlik kəsilib. Mən indi də Bakıya qayıdardım, sinif yoldaşlarıma, dostlarıma baş çəkərdim. Bizim çox yaxşı münasibətlərimiz qalıb”.

Qeyd edək ki, Karina Bakıdan Moskvaya 16 yaşında – 1990-cı il, yanvarın 13-də gedib.