23:06 17-04-2012
news_image

Ağayar Axundzadə: Bütün narazılara şans veriləcək

5-7 may günlərində paytaxt Bakı daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək. Apasport.az saytının xəbərinə görə, bu dəfə paytaxtımıza dünyanın ən güclü cüdoçuları toplaşacaq. Artıq Kanada, Rusiya, Çexiya, Belçika, Macarıstan, Böyük Britaniya, Liviya və Tunis Bakının ev sahibliyi edəcəyi Qran-Pri turnirndə iştirakını təsdiqləyib.

Xatırladaq ki, bu turnir əvvəllər ənənəvi olaraq, Tunisdə keçirilidi. Lakin ötən il Tunisdə baş vermiş ictimai-siyasi dəyişikliklə bağlı olaraq, IYF (Beynəlxalq Cüdo Federasiyası) turnirin yenə də Bakıda keçirilməsinə qərar verib.

Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadə “Sport Ekspress”ə müsahibəsində bəlli turnirin əhəmiyyətindən danışıb: "Bu turnirin ölkəmizdə keçirilməsinin həqiqətən də böyük əhəmiyyəti var. İlk öncə yarış Azərbaycanda idmanın inkişafına və cüdonun kütləviliyinin artmasına kömək edir. Ən əsası isə bu turnir bizə istənilən qədər cüdoçunu sınaqdan çıxarmaq imkanı verir. Ev sahibi olduğumuz üçün hər çəkidə ən azı 3-4 cüdoçuyla çıxış edəcəyik. Siz bilmirsiniz, bəzi cüdoçuların valideynləri və qohumları onların yığmanın heyətinə qatılıb beynəlxalq turnirlərə aparılmamasından gileylənir. Biz onlara uşaqlarının həqiqətən də zəif olduğunu deyəndə xətirlərinə dəyir.

Ancaq bu turnir Bakıda keçiriləndə həmin narazıların uşaqları öz gözləri qarşısında tatamiyə çıxır və nəyə qadir olduqlarını göstərirlər. Bu isə həmin narazı valideynlər üçün qaranlıq məqamlara aydınlıq gətirir, sözkəsənlik olur. Biz heç kəsə ayrıseçkilik qoymuruq. Əsas məqsədimiz isə ən güclüləri yığmaya cəlb etməkdi".