20:50 18-04-2012
news_image
1331
DÖYÜŞ NÖVLƏRİ

Daha bir Azərbaycan boksçusu olimpiaya lisenziyası qazandı

Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirində bu gün daha 3 idmançımız rinqə çıxıb. Apasport.az saytının xəbərinə görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev İrlandiya nümayəndəsi Adam Nolanla üz-üzə gəlib.

Təssüff ki, milli komandamızın üzvü imkanlarından aşağı səviyyədə çıxış edərək, rəqibinə məğlub olub. İlk raundda 3 xalla uduzan (3:6) boksçumuz ikinci hissədə daha yaxşı təsir bağışlayıb – 11:12. Amma həlledici raunda yenidən üstünlüyü rəqibə verən Abdullayev 13:17 hesabı ilə yenilərək, Olimpiya oyunlarına lisenziya qazana bilməyib.

81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli isə 3-cü döyüşünü də qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə əldə edib. Həmyerlimiz fransalı dünya və Avropa çempionatının mükafatçısı Abdulkader Bouheniyanı 16:8 hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda ingiltərəli Kellam Smitlə qarşılaşacaq.

Qeyd edək ki, 81 kq çəki dərəcəsində 3 boksçu London Olimpiadasına lisenziya qazanacaq.

Daha sonra mübarizəyə qoşulan digər boksçumuz Məhəmməd Abdulhəmidov (56 kq) isə rinqi qələbəylə tərk edib. 2010-cu ilin Avropa çempionu, Denis Makarovu (Almaniya) məğlub edən idmançımız bununla da, London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu, Azərbaycan boksçularının Londona qazandıqları altıncı olimpiya lisenziyasıdır.

Ümumiyyətlə, bu günədək Azərbaycan olimpiyaçılarının aktivində 11 növdə 32 idmançı tərəfindən qazanılmış 31 olimpiya lisenziyası vardı.