23:11 18-04-2012
news_image

Güləş yığmalarımızın heyəti açıqlandı

Sabah Bolqarıstanın paytaxtı Sofiyada sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa olimpiya təsnifatlı beynəlxalq turnirə start veriləcək. Aprelin 22-dək davam edəcək turnirin hər üç növündə lisenziya uğrunda Azərbaycan yığmaları da mübarizə aparacaq. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, artıq yığmalarımızın Sofiya turnirində iştirak edəcək heyətləri də bəllidi.

Sərbəst güləş üzrə yığmanın dağıstanlı baş məşqçisi Saypulla Absaidov Sofiya turnirində lisenziya qazanmaq üçün Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Aslanbek Alborova (96 kq) şans verəcək. Məşqçilər şurası Sofiya turnirnə əvvəlcə Xetaq Qazyumovu (96 kq) aparmağı planlaşdırmışdılar. Lakin son anda dünya və ikiqat Avropa çempionunu Sofiya turnirindən sonra Çində keçiriləcək analoji turnirdə sınaqdan çıxarmaq qərarına gəliblər.

Türkiyəli mütəxəssis Salih Boranın rəhbərlik etdiyi yunan-Roma güləşi üzrə yığmanın Sofiyaya gedəcək heyətində Həsən Əliyev (60 kq, ehtiyatda Kamran Məmmədov), Vitali Rəhimov (66 kq, ehtiyatda Rüstəm Əliyev), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq, ehtiyatda Maksim Proxorov) yer alıb. Maqomed Aliomərovun başçılıq etdiyi qadın yığmamız isə Sofiyaya Yuliya Radkeviç (55 kq), İrina Hetreba (63 kq, Hadya Sementsova ehtiyatda) və Dina İvanovadan (72 kq) ibarət "trio" ilə gedəcək.

Turnirin reqlamentinə görə, hər çəki dərəcəsində ilk iki yeri tutan (finalçılar) London Olimpiadasına lisenziya qazanmış olacaqlar.