00:13 19-04-2012
news_image
3202
DÖYÜŞ NÖVLƏRİ

“Bu, son illərdə əldə olunmuş ən böyük nailiyyətlərdən biridir”

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Olimpiya təsnifat turnirini izləyib. Apasport.az saytının xəbərinə görə, federasiya prezidenti yığmamızın üzvü Məhəmməd Abdulhəmidovun (56 kq) lisenziya qazanmasından sonra fikirlərini bildirib: “Boksçularımızın çıxışını yaxşı qiymətləndirirəm. Bu yarışda milli komandamızın üzvləri yaxşı təsir bağışladılar. Artıq Olimpiya Oyunlarına 6 lisenziya qazanmışıq. Bu, son illərdə əldə olunmuş ən böyük nailiyyətlərdən biridir. Daha bir lisenziya qazanmaq şansımız qalır. Əgər Olimpiadaya 7-ci vəsiqəni də alsaq, bu, daha səmərəli, daha keyfiyyətli olardı”.

K.Heydərov lisenziya qazana bilməyən boksçulara da dəstək verib: “Lisenziya qazana bilməyən idmançılara gələcək yarışlarda uğurlar arzu edirəm. Çünki onlar həqiqətən yaxşı vuruşdular. Amma lisenziya turnirlərində böyük rəqabət olur. Gərgin mübarizə gedir. Bu dəfə həmin boksçularımızın bəxti gətirmədi. Gələcəkdə onlara da ümid bəsləyəcəyik. 81 kq çəki dərəcəsində mübarizə aparan Vətən Hüseynlidən də lisenziya gözləyirik. O da güclü idmançıdır. İnanırıq ki, komandamıza 7-ci lisenziyanı qazandıracaq”.

Federasiya başçısı boksçularımızın London Olimpiadasındakı perspektivlərinə də toxunub: “Hamımızın məqsədi odur ki, Olimpiya Oyunlarında yaxşı çıxış edək. Amma bunun üçün çox çalışmaq lazımdır. Boksçularımız öz üzrlərində daim işləməlidirlər. Həm fiziki, həm texniki, həm də həm də psixoloji hazırlığa diqqət yetirmək lazımdır. Olimpiya oyunlarına 3 ay qalıb. Bu müddətdən səmərəli istifadə etmək lazımdır. Əminəm ki, boksçularımız daha əzmlə məşq edib, Olimpiya Oyunlarında layiqincə çıxış edəcəklər”.